"Ərdoğanın Zəngilana səfəri Makron kimi riyakar Avropa liderlərinə bir mesaj olacaq" - Deputat

 12:18 20.10.2022     519

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan beynəlxalq hava limanının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlir.

Qardaş ölkə liderinin səfəri ərəfisndə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Bundan öncə isə Fransa Prezidenti Emmanuel Makron Qarabağın mübahisəli ərazi olması barədə erməniyönümlü açıqlamalar verib.

Bəs, Ərdoğanın Azərbaycanın İran və Ermənistanla sərhəddə yerləşən işğaldan azad olunmuş Zəngilan rayonuna səfəri İran, Ermənistan və Fransaya mesaj sayıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Məlahət İbrahimqızı dedi ki, Ərdoğanın iştirakı ilə Zəngəzurun hava limanı olan Zəngilan beynəlxalq hava limanının açılışı yüksək səviyyədə olacaq.

“Bu, həm Azərbaycanın gələcəyi, həm Azərbaycan-Türkiyə əlaqələrinə təkan verəcək. Zəngilan sərhəddə Ermənistanla-Azərbaycan arasında olan bölgədir. Bütün dünyaya da göstərilir ki, Zəngilan Qarabağın tarixi torpaqlarıdır. Revanşist qüvvələr, təcavüzkar Ermənistanı dəstəkləyən Makron kimi riyakar Avropa liderlərinə bir mesaj, dərs olacaq. Makron ümumilikdə türk, Azərbaycan düşmənidir.

Bu gün baş tutacaq açılış Makron kimi riyakarlara, təcavüzkar Ermənistana, bölgədə fitnə-fəsad törətmək istəyənlərə mesajdır”.

Deputat vurğuladı ki, İran Azərbaycanla sərhədi pozmağa cəhd edərsə, cavabı dərhal qətiyyətli bir şəkildə veriləcək.

“İran öz ərazisində təlim keçirir, keçirsin. Bunun bizə aidiyyəti yoxdur. Kim istəyir öz ərazisində təlim keçirsin. Hər hansı bir qüvvənin, dövlətin gözü Azərbaycanda, dövlətimizin sərvətində, xalqında olarsa, gözünü qılıncla ovarıq. Qarabağ savaşı da bunu göstərdi. İran da qonşu dövlətdir, ərazisində təlim keçirir, özü bilər. Biz işlərimizi İrana, Ermənistana, Fransaya görə planlaşdırmırıq ki. Bizim öz yol xəritəmiz var.

Azərbaycanın xarici siyasətində düşmənçilik yoxdur. Hətta Ermənistana belə əl uzatdıq ki, sülh içində qonşuluq münasibətlərimiz olsun. İndi Ermənistan olmasın, İran olsun, Azərbaycanla pis münasibət göstərəcəksə, öz cavabını alacaq. Azərbaycanın xarici siyasətində heç kimə zərər yoxdur. İran müsəlman ölkəsidir, adları da İran İslam Respublikasıdır. Əgər adları belədirsə, onların birbaşa öhdəliyidir ki, İslam Konfransı Təşkilatında olan 50-dən çox ölkəni dəstəkləmək borcudur. İndi hansı qonşu olur olsun, Azərbaycana yaxından, uzaqdan düşmənçilik mövqeyi göstərsələr, o düşmənin gözünü kor etməyə hazırıq”, - deyə Məlahət İbrahimqızı vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən