"Ərdoğan Azərbaycana qarşı həmişə böyük məhəbbətlə yanaşıb" - Aydın Mirzəzadə

 15:50 21.10.2022     473

“İstənilən ölkədə hava limanının açılması böyük bir hadisədir. Azərbaycan üçün əhəmiyyətli bir gündə dost, qardaş ölkənin rəhbərinin dövlətimizin yanında olması bir qürur hissidir. Türkiyə, şəxsən Rəcəb Tayyib Ərdoğan Azərbaycana qarşı həmişə böyük məhəbbətlə yanaşıb. Cənab Ərdoğan hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanı haqq işində dəstəkləyib, səsimizi dünyaya çatdırmağa yardım edib. Bu gün də aeroportun açılışında iştirak etməklə o, Azərbaycanın sevincini növbəti dəfə bölüşdüyünü bildirib. Eyni zamanda, iki vacib ölkə rəhbərinin bir yerdə əhəmiyyətli açılış etməsi dünyaya Azərbaycan və Türkiyənin qardaşlığının əbədi və möhkəm olduğunun mesajıdır”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə dedi. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri həm sevincdə, həm də çətin gündə bir-birinin yanında olacağının göstəricisidir.

“Ərdoğan işğaldan azad olunan əraziyə səfər edən ilk xarici ölkə başçısıdır. O, Füzuli aeroportunun açılışında da iştirak edib. Zəngilan hava limanının açılışında da iştirak etməklə Azərbaycana hər zaman dəstək verdiyini göstərir. Eyni zamanda, arzu olunandır ki, təkcə Türkiyə deyil, Azərbaycanla dost olan digər ölkələrin rəhbərləri, o cümlədən Orta Asiya türk dövlətlərinin liderləri də iştirak etsin. Azərbaycan cəmiyyəti də Ərdoğanın bu səfərini yüksək qiymətləndirir”,-deyə o qeyd etdi.

Həmçinin deputat Türkiyə və Azərbaycan arasında işbirliyinin regional çərçivədən beynəlxalq səviyyəyə yüksəlməsinə də münasibət bildirib:

“Bu işbirliyinin əsasları müstəqilliyi bərpa etdiyimiz dövrlərə qədər uzanır. Bu gün də qarşılıqlı surətdə iqtisadiyyata investisiya qoymaq artıq geniş vüsət alır. İndi işğaldan azad edilən zonada çox sayda türk şirkətləri işləyir. Əlbəttə, bizim dostluğumuz sadəcə sözdə deyil, bu, bütün sahələrdə əməkdaşlıqdır. Həmin ərazilərdə müasir iqtisadi sistem qurulur və türk şirkətlərinin burada iştirakı arzu olunandır”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən