“Prezident çıxışı ilə türk dövlətlərinin yol xəritəsini təqdim etdi” – Deputat

 17:39 24.10.2022     467

“Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər”.

Bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevlə görüşündə Prezident İlham Əliyev bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı dedi ki, Prezident İlham Əliyev bu çıxışı ilə türk dövlətlərinin gələcəyini, yol xəritəsini, konturlarını təqdim etdi:

“Möhtərəm Prezidentimiz çox önəmli fikirlər səsləndirdi. İlham Əliyev bildirdi ki, TDT gələcəkdə türk dövlətlərindən kənarda olanları – təkcə Azərbaycanda olanları deyil, Türkiyədən, Qırğızıstandan, Özbəkistandan, Qazaxıstandan kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhsili, mədəniyyət, inanc və sair məsələləri, problemləri ilə məşğul olmalıdır. Bu məsələlər TDT-nin bütün görüş və toplantılarında müzakirə olunmalıdır. Möhtərəm Prezidentimiz bu barədə çox qəti və açıq siyasi iradə qoydu. Təbii ki, bu, ölkə başçımızın, dövlətimizin necə deyərlər, milli strategiyasının bir hissəsidir. Prezidentimizin bir sözü var: “Nəyi, nə vaxt, necə etməyi mən bilirəm”. Yəni həqiqətən də, biz özümüz də ötən dövrdən - 2003-cü ildən bu günə qədər onun fəaliyyəti dövründə biz şahidi olmuşuq ki, o, necə zamanla ayaqlaşır, bəzən də zamanı qabaqlayır. Biz 44 günlük müharibədə də bunun şahidi olduq”.

Deputat vurğuladı ki, Diaspor Komitəsinin taleyin hökmündən müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların problemləri ilə məşğul olması zamanın tələbi kimi qiymətləndirildi.

“Ölkəmizdə bildiyiniz kimi Diaspor Komitəsi var. Bu qurum dünya azərbaycanlıları arasındakı problemlərlə, onlar arasında əməkdaşlıq, həmrəylik, Azərbaycan dövləti ilə davamlı əlaqələri və digər məsələlər ilə məşğul olur. Onsuz da bu, yol xəritəsində, konsepsiyada dünya azərbaycanlıları ilə dövlətimizin apardığı siyasətin tərkibidir”,- deyə Məlahət İbrahimqızı qeyd etdi.

Nərmin VÜQARQIZI