Zahid Oruc Rusiya, İran və Fransanın ölkəmizə qarşı niyyətlərini AÇIQLADI

 16:48 25.10.2022     569

2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar antiazərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi haqlı olaraq cəmiyyətimizdə narazılıq yaratdı və geniş müzakirələrə səbəb oldu.

Bundan öncə isə Fransa, eyni zamanda da İran kimi dövlətlər Azərbaycan əleyhinə fikirlər səsləndiriblər.

Maraqlıdır, hər üç dövlətin eyni vaxtda antiazərbaycan çıxışlarının səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc dedi ki, xüsusilə dövlətin çevrəsində olan informasiya vasitələri hakimiyyət nümayəndələri, onların real qərarları, tezisləri olmadan hərəkət etmirlər:

“Bu, bəlli bir məsələdir. Demokratiyanın dərəcəsindən asılı olmayaraq əksər ölkələrdə bu belədir. Təəssüflər olsun ki, Rusiya televiziyasında Qarabağla bağlı xəritələrin təhrif edilməsi, onun üzərindən Miqranyan və bir universitet təmsilçisinin “alim” adı ilə Azərbaycan əleyhinə kəskin şərhləri yayımlanıb.

Biz bunu İran mediasında da görürük. Sistemli olaraq son bir ayda bir tərəfdən fərqli xəritələr meydana çıxarılır, dövlətin rəsmi şəxslərinin ultimatum bəyanatları səslənir, bir sıra hallarda yüksək rütbəli hərbçilər, silahlı qüvvələrin nümayəndələri bu prosesdə iştirak edirlər. Burada şəbəkə halında bir fəaliyyət mövcuddur. Fransa da son 2 ildə Azərbaycana qarşı bu fəaliyyətini heç dayandırmayıb, yəni biz yalnız bunun intensivliyinin, azğınlığının, şiddətinin artdığını görməkdəyik. Heç arada pauza da etməyiblər. Noyabrın 15-nə şiddətli bir hazırlıq getməkdədir. Qətnamənin də mahiyyətində iki əsas tezislər dayanır.

Birinci, ölkəmizə qarşı neft-qaz sektoruna sanksiyalar tətbiq etsinlər ki, bizi maliyyədən məhrum etsinlər. İkincisi isə Ermənistana müasir silahlarla yardım göstərsinlər. Açıq şəkildə bu regionda belə fitvada, təlimatda olan qüvvələr sanki müəyyən hərbi toqquşmaların çıxması üçün cəhdlər edirlər.

Amma sadaladığımız ölkələrin hər birinin fərqli istəkləri var. İran tərəfindən bu məsələ aydındır. Təəssüflər olsun ki, məsələ təkcə Zəngəzur dəhlizi və İran-Ermənistan arasında hansısa bir xəttin, zirehin, bariyerin yaranacağı amili deyil. Onlar əksər hallarda inqilab keşikçiləri bu dəlili irəli sürürlər, o cümlədən XİN-nin bəyanatlarında biz bu məsələni aydın görürük. Eləcə də, prezident tərəfindən “qırmızı xətt” deyə termindən çox istifadə edilir”.

Deputatın sözlərinə görə, Fransa çalışır ki, qəfil başlayan Vətən müharibəsi və regionda dəyişən geosiyasi qüvvələr nisbəti halında bölgəyə öz silahlı qüvvələrini yeritsinlər.

“Konkret olaraq Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxartsınlar. Buna görə də, Avropa Birliyi xətti ilə 40 nəfər hərbi emissar göndərdilər, ardınca da ATƏT-i buraya qoşdular. ATƏT-in missiyasına polyak əsilli polkovnik rəhbərlik edir. Bizim bu məsələ ilə bağlı Milli Məclisdə çox sərt çıxışımız olmuşdu. Eyni zamanda, bir çox parlamentarilərin, siyasətçilərin, dövlət orqanlarının məsələ ilə bağlı geniş və cəmiyyətimizi vəziyyətlə tanış edən açıqlamaları var. Biz deyirdik ki, onlar sanki mülki libas altında bölgəyə hərbi qüvvə göndərirlər. ATƏT-in addımı isə bu vasitə ilə Minsk qrupunun həmsədrlərini bərpa etmək niyyəti idi. Sabah o ərazilərdə nə edəcəklər? Mütləq atəşkəs rejimi pozulacaq, Azərbaycandan atılan güllələri aktlaşdıracaqlar, beynəlxalq qətnamələrlə üstümüzə göndərəcəklər. Bu da onların bizə qarşı atəşi olacaq”, - deyə Zahid Oruc bildirdi.

Komitə sədri vurğuladı ki, xalqımızı bu vasitələrlə - mütəşəkkil, şəbəkə halında, bir-biri ilə bağlı olan, bəzən adamda sanki vahid bir mərkəzdən idarə olunurmuş kimi hərəkətlərlə qorxutmaq mümkün deyil:

“Gördüyünüz kimi, Rusiya televiziyasındakı hadisəyə Azərbaycan XİN də dərhal reaksiya bildirdi. O cümlədən Fransa ilə bağlı mövqeyini möhtərəm cənab Prezident Astanada birbaşa Makronun bu müddət ərzində siyasətinin mahiyyətini tam açıqlığı ilə ortaya qoydu. Bu, aşkar bir diplomatiyaya çevrildi. Əgər İranın da hərbi qüvvələri gəlib sərhəd xəttində Arazı keçmə məşqini edirsə, media orqanlarında Bakını almağın simulyasiyası silahlı qüvvələr tərəfindən həyata keçirilirsə, biz buna reaksiyamızı söyləmişdik ki, əsla hədəfi yayındırmasınlar. "İranda müxtəlif tarixi səbəblərdən yaşayan qardaşların haqlarını qoruyacayıq" bəyanatının hədəfi hansı qüvvələrdir, biz bunu yaxşı bilirik.

Dövlətimizin bütün bu ölkələrə qarşı sükut etmək, geri çəkilmək kimi bir fikri yoxdur. Hər bir platformadan əleyhimizə olan məsələlərə çox ciddi, sistemli, koordinasiyalı bir münasibət var və bu xətti davam etməliyik”.

Nərmin VÜQARQIZI