"Türkiyə ilə birgə hər bir xarici təhdidə qarşı cavab veriləcək" - Deputat
“Çox təəssüf ki, son günlər Rusiya mətbuatında Azərbaycana qarşı təxribat yönümlü verilişlərin, informasiyaların yayıldığının şahidi oluruq. Mən hesab edirəm ki, belə informasiya və məlumatlar ancaq ermənilərin əli ilə yayılır. Bu cür informasiyaların yayılmasında dövlətin bir əlaqəsi yoxdur. Çünki Rusiya ilə Azərbaycan arasında çox strateji münasibətlər var, iki ölkənin də dövlət siyasəti bir-birini dəstəkləyir. Azərbaycanın rəsmi orqanları bu məsələyə dərhal cavab verir. Azərbaycan səfirliyinin Rusiyaya göndərdiyi notanın rus mətbuatında bizə qarşı keçirilən təxribatların qarşısını almaqda xüsusi yeri və rolu olacaq. Bu təxribatların qarşısı alına bilər”.
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Azər Badamov dedi. Onun sözlərinə görə, ermənilərə dayaq olan bəzi dairələr Azərbaycana qarşı hərəkətə keçib.
“Azərbaycana qarşı bu təxribatlara əl atmaqla regionda yaranan sabitliyi müəyyən formalarda pozmağa cəhd edirlər. Hesab edirəm ki, Azərbaycan güclü dövlətdir və yanımızda da Türkiyə var. Azərbaycana qarşı hər hansı bir müdaxilə, təxribat müəyyən edilərsə, Türkiyə ilə birgə hər bir xarici təhdidə qarşı davamlı cavab veriləcəkdir. Türkiyənin mövqeyi açıq şəkildə ortadadır. Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə dəfələrlə bildirib ki, Azərbaycanın hər zaman yanındayıq. Məhz Türkiyənin də yanımızda olması bizi baş verəcək təxribat və təhdidlərdən siğortalayır”, - deyə deputat vurğuladı.
Nərmin VÜQARQIZI












