Ermənistan KTMT-nin növbədənkənar iclasını tələb edib

 18:45 26.10.2022     183

Ermənistan Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib və onun yaxın vaxtlarda keçiriləcəyini gözləyir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü parlamentdə hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Bildiyiniz kimi, biz KTMT-yə müraciət etmişik və KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında da qərar qəbul edilib. Nəticədə təşkilatın ekspertlər qrupu Ermənistana gəlib və vəziyyəti yerində müşahidə edib. Yaxın vaxtlarda biz bu hesabatı müzakirə etmək üçün KTMT Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyik. Ümid edirəm ki, görüş ən qısa zamanda baş tutacaq”, - deyə baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan KTMT-dən “baş verənlərə aydın siyasi qiymət verməsini” gözləyir.

“Bu, təkcə Ermənistan hakimiyyətinin deyil, bütün erməni xalqının gözləntisidir”, - deyə o əlavə edib.

Tunar Altunbay