"Bizə qarşı düşmənçilik hərəkətlərinin cavabları İrana qaytarılacaq" - Deputat

 14:02 27.10.2022     1078

“Azərbaycan ilə İsrail münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər də heç vaxt üçüncü bir dövlətə qarşı yönəlməyib. Bu iki dövlətin qarşılıqlı əlaqələridir. Azərbaycan tolerant, çoxmillətli bir dövlətdir, o cümlədən ölkəmizdə çoxsaylı yəhudi milləti yaşayır. Onlar min illərdir Azərbaycanda yaşayırlar. Biz bir ailə kimi yaşayırıq və heç bir ayrıseçkilik də yoxdur. Çox güclü yəhudi icması fəaliyyət göstərir. İsrail dövlətinin beynəlxalq təşkilat və tədbirlərdə həmişə Azərbaycanı dəstəkləməsi, müdafiə etməsi, mövqe ortaya qoyması çox sevindirici haldır. Eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə də İsrailin mövqeyi göz qabağında oldu. Yəni İsrail və Azərbaycan dostluğu günü-gündən möhkəmlənir və inkişaf edir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov dedi. Millət vəkili həmçinin İran İslam Respublikasının Ermənistanın Qafan şəhərində konsulluq açmasına da münasibət bildirdi.  

“Qonşu İranın fars-molla rejiminə sual ünvanlayıram ki, Qafanda nə qədər iranlı yaşayır ki, gedib orada konsulluq açırsınız və ya Təbrizdə Ermənistanın konsulluğunu açırsınız? Bunun hərəkətlərinə görə Azərbaycan adekvat tədbirlər görəcək. Bizə qarşı düşmənçilik hərəkətlərinin cavabları İrana qaytarılacaq”.

Deputat vurğuladı ki, İsrailin Azərbaycanda, Azərbaycanın da İsraildə səfirliyinin açılması mütləq və vacib məsələlərdir.

“Eyni zamanda Zəngilanın Ağbənd qəsəbəsində İsrailin konsulluq açması ilə bağlı təkliflər var. Maraqlı təkliflərdən biridir. Qardaş Türkiyə Şuşada konsulluq açmaq ideyasını irəli sürüb. Təbii ki, müsbət qarşılanmalıdır. İsrail də ölkəmizdə konsulluq açırsa, buna qarşı çıxmaq olmaz. Bunlar bəyənilən addımlardır. Yəni burada heç bir dövlətə qarşı bizim məkrli, qərəzli niyyətimiz yoxdur. Öz daxili işimizdir. Biz heç kimin daxili işinə qarışmırıq, heç kim də bizim daxili işimizə qarışmasın”, - deyə Elman Məmmədov vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən