"Moskvadakılar anlamayacaqlarsa, öz problemləridir" - Deputatdan Putinin "buyursunlar" açıqlamasına REAKSİYA

“Əgər erməni xalqı və Ermənistan rəhbərliyi bildiyim qədər Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını əsas götürən Vaşinqton variantını seçməyi vacib hesab edirsə - buyursunlar".
Bu fikirləri oktyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib.
Maraqlıdır, Putin bu sözlərlə nə demək istəyir?
Mövzunu Redaktor.az-a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, deputat Sahib Alıyev söylədi ki, Prezident Putin dünən "Valday" forumunda Ermənsitanın Azərbaycanın Qarabağ üzərində suvereniyinin tanımağa hazırlaşdığına eyham vurub, həmçinin buna mane törətməyəcəklərini bildirib.
““Buyursunlar“ deməsi ilk baxışda xeyirxah bir yanaşma təsiri bağışlayır. Amma burada unudulur ki, Rusiyanın Krasnodar üzərində suverenliyi nə deməkdirsə, Azərbaycanın Qarabağ üzərində suverenliyi də o deməkdir. Birincinin öz torpaqları üzərində suverenliyini hayların buna razı olub-olmadıqları və Azərbaycanın da onu dəstəkləyib-dəstəkləmədiyi müəyyənləşdirmədiyi kimi, ikincini də yenə də həmin hayların istəkləri və Rusiyanın da bunu dəstəkləyib-dəstəkləmədiyi müəyyənləşdirə bilməz.
Hər dövlətin öz torpaqları üzərində suverenliyi beynəlxalq normalarla təsbit olunur, burada qonşunun istəyi, hansısa gücün onu dəstəkləyib-dəstəkləməməsi heç bir rol oynaya bilməz və oynamamlıdır!”,- deyə deputat vurğuladı.
Millət vəkili qeyd etdi ki, bir tərəfdən şərtlə də olsa, Azərbaycanın Qarabağ üzərində suverenliyinə qarşı çıxılmayacağı deyilir.
“Digər tərəfdən Xankəndidə Rusiya hərbi kontingentinin müvəqqəti, amma tam kontrolu altında yaşayanlara reinteqrasiya əleyhinə aksiya keçirmək tapşırığı verilir, orada Moskva üçün daha əlverişli “hakimiyyət” dəyişiklikləri edilirsə, burada sözlə əməlin üst-üstə düşmədiyi üzə çıxır. Görünür, Rusiyanın Azərbaycanla Ermənistan arasında tezliklə sülhün yaranmasında maraqlı olması, sözügedən forumda “Nord Stream – 1” qaz kəmərini guya Qərbin özünün partlatması və Ukrayna haqqında deyilənlər qədər doğrudur”.
Sahib Alıyev həmçinin İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın qarşıda gözlənilən Soçi görüşü barədə də fikirlərini bildirdi:
“Ona görə də mən Soçi görüşünün Azərbaycanla Ermənistan arasında tezliklə sülh yaranması məqsədilə keçirildiyini düşünmürəm. Moskva bu görüşü təşkil etməklə ilk növbədə region üzərində təsirini qoruyub saxladığını göstərmək və bunu təmin etmək istəyir. Amma Ukraynadakı savaşdan sonra yaranmış vəziyyəti görən Ermənistan rəhbərliyinin Qərblə İrana etdiyi reveranslar, eyni zamanda Moskvanın özünün regionda baş verən dəyişikliyi nəzərə almadan köhnə davranışlarını təkrarlaması ona belə bir şans buraxmır.
Rusiyanın regionda mövcudluğu artıq burada qarşıdurmanın qalmasından yox, Azərbaycanla müttəfiqlikdən keçir. Moskvadakılar nəhayət bunu anlamalıdırlar. Anlamayacaqlarsa, öz problemləridir”, - deyə deputat əlavə etdi.
Nərmin VÜQARQIZI