Putinin Qarabağ təklifi bizim üçün məqbuldur - Ohanyan

Ermənistan üçün Rusiyanın Qarabağla bağlı təklifi məqbuldur.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq müdafiə naziri və müxalifətin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
“Ermənistan, Rusiya və Azərbaycan arasında müzakirə formatı ən optimaldır. Moskvanın özü Ermənistana heç nə diktə edə bilməz və etməyəcək də. Vladimir Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir. Moskva Azərbaycanın maraqlarını nəzərə alaraq Ermənistanın özünün nə təklif edəcəyinə diqqət yetirəcək. Ermənistan Qərbin yolu ilə getsə, fövqəlgüclərin maraqları məngənəsində qalmaq riski var. Bu vəziyyət ona görə ikiqat təhlükəlidir ki, bunun müqabilində Qərb Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyəcək. Ermənistandakı hazırkı müşahidə missiyası təhlükəsizlik problemini həll etmir”, - Seyran Ohanyan vurğulayıb.
Qeyd edək ki, ötən gün “Valday” klubunun iclasına qatılan Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında danışıqlarda Qərbin vasitəçilik fəaliyyətinə münsibət bildirib. Rusiya lideri deyib ki, sülh müqaviləsinin Vaşinqton variantı Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur.
"Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. O zaman buyursunlar”, - Rusiya lideri dünənki çıxışında vurğulayıb (modern.az).