“Rusiyanın “vasitəçiliyi” Azərbaycan və erməni əsgərlərinin cəbhədə ölməsi deməkdir” – Politoloq

 16:38 28.10.2022     611

“Əgər erməni xalqı və Ermənistan rəhbərliyi bildiyim qədər Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını əsas götürən Vaşinqton variantını seçməyi vacib hesab edirsə - buyursunlar".

Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib.

Putinin "Valday"dakı Qarabağ açıqlamasını Redaktor.az-a şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, o demək istəyir ki, Ermənistan Rusiyadan əl çəkib Qərbə tərəf getsə, onlar barışmalıdırlar ki, Qərb açıq şəkildə deyir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir.

“İndi hansını seçərlər, özləri bilər. Amerika variantını seçsələr, bilməlidirlər ki, Qarabağ məsələsi həll olunacaq, amma sizə lazım deyil. Daxildə xeyli qüvvələr var ki, aranı qarışdırırlar, istəyirlər ki, münaqişə həll olmasın, xarici qüvvələr burada at çapıb onlara imkan versin ki, hakimiyyət uğrunda mübarizədə iştirak etsinlər. Əsas budur.

Mənə elə gəlir ki, münaqişənin həlli  Ermənistana hava və su kimi lazımdır. Əgər münaqişə həll olsa, birdəfəlik canı qurtarar. Həm Qarabağ mafiyasından, həm də Rusiyanın əsarətindən. Putin erməni xalqı deyəndə sadə zəhmətkeşləri nəzərdə tutmur. Rusiyanın nökərlərini, oliqarxları, Ruben Vardanyanı nəzərdə tutur. Erməni xalqı onun üçün zəhmətkeşlər deyil, erməni mafiyozlarıdır”,-deyə politoloq vurğuladı.

Zərdüşt Əlizadə onu da əlavə etdi ki, Soçi görüşünə qədər İlham Əliyev və Nikol Paşinyan hansısa ortaq mövqedə razılaşsalar, çox yaxşı olardı:

“Yəni Putinlə görüşə gedəndə bir-biri ilə rəqabət aparan, Rusiyanın rəğbətini qazanmaq uğrunda yarışa çıxan ölkə başçıları kimi yox, iki ölkənin ortaq maraqlar əsasında müəyyənləşmiş mövqeyini qoyan və vahid cəbhədən çıxış edən dövlət başçısı kimi çıxış etsə idilər, Rusiya başa düşərdi ki, onun Cənubi Qafqazda apardığı oyun pozulub, artıq bu təxribatları apara bilməyəcək. Belə halda Ermənistandan da, bizdən də bəlkə əl çəkər. Rusiyanın “vasitəçiliyi” Azərbaycan və erməni əsgərlərinin cəbhədə ölməsi, Azərbaycanın, Ermənistanın bütün imkanlarını müharibə naminə səfərbər etməsi, vaxtaşırı gəlib Rusiyadan rəğbət diləməsi deməkdir. Nə bizə, nə də erməni xalqına münaqişə lazım deyil”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən