“Putin gec-tez onun bədəlini ermənilərə ödətdirəcək” - Kərəm Məmmədov

 16:58 28.10.2022     491

“Putin Vaşinqton razılaşması ilə bağlı bir eyham vurdu. Onun detallarını dəqiqliklə bilmirəm. Bizim Ermənistanla aparılan danışıqlar, eyni zamanda ictimaiyyətə açıq olan hissəsi və çox güman ki, hələ açıqlanmağa icazəsi olmayan məslələr var. Orada razılaşmalar var və o razılaşmalar da yəqin ki, məhz Azərbaycan-Ermənistan sərhəddi ilə bağlıdır. Və eyni zamanda da Xankəndi məsələsi də var".

Bu sözləri Redaktor.az-a geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov oktyabrın 27-də Rusiya Prezidenti Vladimir Putinin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında səsləndirdiyi “Əgər erməni xalqı və Ermənistan rəhbərliyi bildiyim qədər Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını əsas götürən Vaşinqton variantını seçməyi vacib hesab edirsə - buyursunlar" fikirlərinə münasibət bildirərkən deyib.

“Amma burada Putinin belə eyham vurması ki, “erməni xalqı hansı qərarı versə, biz onu dəstəkləyərik”, əslində götürəndə mən onu təkcə Azərbaycana göndərilmiş mesaj yox, hər iki tərəfə göndərilmiş mesaj kimi dəyərləndirərdim. Çünki bilirsiniz ki, Vətən müharibəsindən sonra 10 noyabr bəyanatı imzalananda, 2021-ci ilin yanvarında da imzalanan bəyanatda da əsas vasitəçi məhz elə Putin idi. Sonradan Ermənistanın bir növ özünün əbədi himayəçilərindən biri olan Rusiyaya qarşı nankorluq etməsi, Rusiyanın başının qarışmasından istifadə edərək xeyli uzaqlaşıb Qərbə daha çox istiqamət götürməsi Putin üçün yaxşı qarşılanmır. Daha çox elə məhz Ermənistana yönəlmiş bir mesaj kimi qiymətləndirərdim ki, “Bax, sizi daha pis təslim olmaqdan mən xilas etdim”. Əslində elədir, çünki biz Vətən müharibəsində bundan da böyük qələbə qazanaraq sərhədi birbaşa bağlaya bilərdik. Putin Ermənistanı barışıq sazişinə məcbur etdi ki, təslim olun. Bundan daha ağır kapitulyasiya ilə Ermənistanı məğlub edə bilərdik. Sadəcə Putin onları xilas etdi”,-deyə konfliktoloq vurğuladı.

Kərəm Məmmədov onu da bildirdi ki, bu mesaj daha çox ermənilərə verilən mesajdır:

“Rusiya heç vaxt onların müstəqil qərar verməsinə imkan verən deyil. Azərbaycanın Rusiya ilə ən yüksək səviyyədə münasibətləri var. Baxmayaraq ki, Rusiyaya qarşı bütün dünyada sanksiyalar tətbiq qolunub. Amma reallıqları nəzərə almaq lazımdır. Reallılqları da cənab prezident hamıdan yaxşı qiymətləndirir. Biz münasibətlərimizi o səviyyədə kəskinləşdirmirik. Niyə də gərginləşdirək? Rusiya bizim böyük şimal qonşumuzdur. Həm də ticari-iqtisadi əlaqələrimiz var, dövlət olaraq iqtisadi baxımdan qazanırıqsa, biz niyə də ondan imtina etməliyik? Rusiya bu mesajı verməklə demək istəyir ki, ağlınızı başınıza toparlayın və bizdən uzaqlaşmaq istəyirsizsə, sonrakı nəticələrinə də dözəssiz. Sabah Putin başqa formada qərar versə, onda ermənilər nə edcəklər? Çünki Ermənistanın bütün sərhədlərini Rusiya ordusu mühafizə edir. Bütün iqtisadiyyatı Rusiyanın əlindədir. Ermənistan müstəqil qərar qəbul edəcək halda deyil. Rusiyadan kənarda Şarl Mişelin vasitəçiliyi ilə görüşlər keçirildi və bu da  istər-istəməz Putini əsəbləşdirdi və qıcıqlandırdı. Ona görə də Putin gec-tez onun bədəlini ermənilərə ödətdirəcək".

Həmidə İbrahimova