ABŞ Rusiyanın Ermənistanla Azərbaycanı barışdıracağına İNANMIR

 12:37 29.10.2022     601

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays rəsmi Vaşinqtonun onilliklər ərzində Ermənistan və Azərbaycanın tərəfdaşı olduğunu vurğulayıb.

Redaktor.az xəbər verir ki, Ned Praysın sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ-dan böyük tərəfdarı yoxdur.

“1991-ci ildə Ermənistan və Azərbaycanın müstəqilliyini bərpa etməsi dönüş nöqtəsi oldu. Biz Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq, bunu yalnız bir məqsədlə edirik: zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq. Biz bu ölkələri onlar üçün ən faydalı formatda görüşməyə çağırdıq. Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq”, - deyə o bildirib.

Ned Prays bəyan edib ki, Ermənistan və Azərbaycanla bağlı Moskvadan aldadıcı məlumatlar, daha doğrusu, dezinformasiyalar yayılmaqda davam edir.

Rusiya Federasiyasının səylərini konkret şərh etməyən ABŞ rəsmisi deyib ki, Ermənistan və Azərbaycan qarşıdakı danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidirlər.

“Dünya Rusiyanın qonşularına münasibətini görür”, - deyə o bildirib.

Praysın sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü və Ukraynada davam edən qəddar işğalı göstərir ki, Moskva qonşularının suverenliyinə hörmət etmir və çətin ki, etibarlı uzunmüddətli tərəfdaş ola bilər.

"Bizim yeganə məqsədimiz bu ölkələrə zorakılığa son qoymağa, Ermənistan və Azərbaycan xalqlarının çox istədiyi sabit və hərtərəfli sülhün bərqərar olmasına kömək etməkdir", - o vurğulayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi zəruridir və Rusiya sülh yolu ilə nizamlanmanın tərəfdarıdır. O qeyd edib ki, erməni xalqı və rəhbərliyi hansı varianta ehtiyacı olduğunu seçməlidir, lakin sülhə aparan istənilən variant onlar üçün məqbul olacaq.

“Biz heç nəyi məcbur etmək fikrində deyilik və Ermənistana nəyisə diktə etməyəcəyik. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi qərara gəlsə ki, konkret variant seçməlidir, bildiyimə görə, “Vaşinqton variantı” Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur, o zaman Rusiya Federasiyası istənilən seçimə dəstək verəcək”.

Qeyd edək ki, oktyabrın 31-də Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev, Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ətrafında müzakirələr aparılacaq.