"Putin müəllim belə hesab edir ki, Qarabağ bunların dədə-baba mülküdür" - Deputat Elman Məmmədov

 18:00 31.10.2022     665

"Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingenti Azərbaycan ərazisinə daxil olduğu ilk gündən Azərbaycan ərazisində, Qarabağ bölgəsində uzun illərdi kök salmış seperarçılarla, cinayətkarlarla, terrorçularla əməkdaşlıq etməyə başlayıb. Bu əməkdaşlıq hazırda da davam edir və onların müdafiəsi, təminatı ilə məşğuldurlar. Hərbi kontingent də təbii ki, özbaşına deyil. Bunlar hansı mərkəzə tabedirlərsə, həmin mərkəzdən də kamanda alırlar. Mərkəz də Moskvadır, Rusiya Federasiyasının hərbi siyasi rəhbərliyidir".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov dünən Xankəndidə ermənilərin Azərbaycanın tərkibinə qatılmağa etirazla bağlı keçirdikləri aksiyaya münasibət bildirərkən deyib.

"Bu günlərdə "Volday" diskussiya klubunda Rusiya Federasiyası prezidentinin Qarabağla, Azərbaycan-Ermənistan arasında olan vəziyyətlə bağlı səsləndirdiyi fikirlər bu dediklərimi tamamilə təsdiq edir. Yəni cənab Putin müəllim belə hesab edir ki, Qarabağ bunların dədə-baba mülküdür və bunlar orada nə istəsələr edə bilərlər. O, yəqin belə düşünür ki, ya hələ Çar Rusiyası, ya da Sovet İttifaqı dövrüdür. Ancaq mənə belə gəlir ki, o, bir az yaddaşını qurdalasa görər ki, artıq müstəqil, suveren Azərbaycan dövləti var və Qarabağ Azərbaycan ərazisidir, Rusiya Federasiyasının ərazisi deyil".

Deputat onu da vurğuladı ki, rusların bu hərəkətləri Azərbaycanın daxili işlərinə çox kobud şəkildə müdaxilə və qanunlarını pozmasıdır:

"Cürbəcür fikirlər səsləndirilir ki, Qarabağ bizim himayəmizdə qalacaq, rus pasportları veriləcək, Qarabağda rus icması yaradıblar və s. Bunlar hamısı onların iyrənc, məkrli siyasətlərindən xəbər verir. Yəni imperiya siyasətindən. Ona görə də mən hesab edirəm ki, Soçidə keçiriləcək bugünkü üçtərəfli görüş əvvəllkilərə nisbətən çox gərgin keçəcək. Ermənistanla Rusiyanın birlikdə Azərbaycana qarşı səsləndirdikləri fikirlər, yəni tutduqları mövqe heç də xoşagələn deyil. Ukrayna məsələsinə görə bu gün Qərblə Rusiya demək olar ki, müharibə vəziyyətindədir, amma Qarabağ məsələsində Qərb də, Rusiya da, Amerika da eyni mövqedədir və bu mövqe ermənipərəst mövqeyidir, ermənilərin müdafiə olunması mövqeyidir. Bu, birmənalıdır. İndi görək bugünkü görüşdə nə olacaq", - deyə E.Məmmədov bildirib.

Qeyd edək ki, Ermənistan mediasında yayılan məlumatlara görə, Xankəndidə keçirlən aksiyanın arxasında Rusiya sülhməramlıları dayanır.

Həmidə İbrahimova