"Azərbaycan Xankəndidə xüsusi əməliyyat keçirə bilər" - Deputat

 15:19 01.11.2022     905

“Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının tam fiaskosu ilə başa çatdı. Ona görə ki, Paşinyan ümid etdiyi heç nəyə hətta humanitar blokda müzakirələr zamanı ən azı bir neçə hərbi cinayətkarı geri almağa belə nail ola bilmədi”.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu dünən Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşə münasibət bildirərkən deyib:

“Ancaq ermənilər hesab edirdilər ki, Soçi görüşü postmüharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər. Necə ki, 12-14 sentyabr təxribatı zamanı döyüş meydanında dönüş yarada biləcəklərinə inanmşdılar. Ancaq Soçi fiaskosu 12-14  sentyabr fiaskosunun diplomatik variantı kimi yadda qaldı. Məsələ ondadır ki, ermənilər Soçi görüşü öncəsi üç əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdılar. Bunlardan biri Praqa görüşündən sonra Ermənistana Avropa İttifaqının sülhməramlı missiya göndərməsi, ikincisi Ermənistanın KTMK-dan çıxması ilə bağlı açıq mövqenin ortaya qoyulması və məsələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü isə Xankəndidə dırnaqarası uğurlu mitinq təşkil edə bilmələri idi. Paşinyan hesab edirdi ki, bütün bunlar Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələridir. Putin Paşinyanın Qərbə daha çox meyl etməsinin qarşısını almaq, Ermənistanın KTMK-da qalması və cəlbedici şərtlər formalaşdırmaq üçün Azərbaycana təzyiq edəcək. Xankəndidə Rusiya və Ermənistanın birgə təşkil etdiyi mitinq isə bu mövqeyə ictimai dəstək kimi təqdim ediləcək. Belə olan halda bu dəfə Ermənistana zopa yox, kökə düşəcək. Ancaq bunların heç biri olmadı. Ona görə ki, Azərbaycan Prezidenti əvvəlcədən məsələni birdəfəlik və konkret qoydu".

Deputat onu da vurğuladı ki, Qarabağ problemi tarixə qovuşub və o, iki il bundan əvvəl həll edilib:

“Əslində bu, Azərbaycanın ikinci nidası idi. Birinci nidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar. İkinci nidadan sonra isə yenə bənzər hadisələr bir qədər başqa formada ola bilər. Məsələn, Azərbaycan Qarabağımızda müstəqilliyimizi və suverenliyimizi şübhə altına alan şüarlar səsləndirən mitinq iştirakçılarını hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi əməliyyat keçirə bilər. Başqa ölkə, yəni Ermənistan vətəndaşlarının kütləvi şəkildə sərhədlərimizi pozaraq Qarabağa gəlib konstitusiyon quruluşumuza qarşı aksiya təşkil etdiklərinə görə Laçın yolunda nəzarət keçid məntəqəsi qurmaqla bu yoldan yalnız Qarabağda Azərbaycan qanunları ilə yaşayan ermənilərin keçidinə icazə verə bilər. Nəticə etibarı ilə axı bu yol humnitar yoldur və  Azərbaycan vətəndaşlarının kommunikasiyası üçün nəzərdə tutulub. Üçüncü ölkələrin vətəndaşları isə Azərbaycana yalnız viza alaraq gələ bilərlər. Beləliklə, ermənilər 2020-ci ilə qədər onlara təklif edilənləri indi arzuladıqları kimi, 2020-ci ildən sonra onlara verilənləri 2022-ci il 12-14 sentyabrdan sonra arzuladıqları kimi, indi təkilf olunan sülhü də qısa müddətdən sonra əl-əl gəzməli  olarlar. Ona görə də Soçi görüşü fiaskosundan yaxşıca dərs çıxarmalı, yeni reallığı qəbul etməlidirlər. Əks təqdirdə Azərbaycanın indi təklif etdiyi sülh şərtlərini qısa bir müddət sonra arzu etsələr də, tapa bilməzlər".

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən