"Soçidə Putin sözün həqiqi mənasında geri çəkildi" - Politoloq

“Soçi görüşündə elə bir ciddi nəticələr olmadı. Sadəcə olaraq Rusiya özünün moderatorluğunu, proseslərdə aparıcı rola malik olduğunu bir daha sübut etmək və Qərbə nümayiş etdirmək istəyirdi. Düzdür, görüş ərəfəsində Putinin timsalında və müxtəlif kütləvi informasiya vasitələrində gedən deputat və digər səlahiyyətlilərin yazılarında Rusiyadan iddialı fikirlər səsləndirildi. Bunların hamısı ermənipərəst mövqeyi idi və ermənilərin Dağlıq Qarabağa iddialarının əsaslandırılmsına çalışırdı".
Bu fikirləri Redaktor.az-a dünən Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Paşinyanın növbəti görüşünü şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti görüş ərəfəsində qətiyyətlə bildirdi ki, Qarabağ məsələsi tarixdə qalıb, məsələlərin müzakirəsinə o nöqteyi nəzərdən yanaşılması yolverilməzdir.
"O məsələ də gündəliyə gətirilə bilmədi. Putin sözün həqiqi mənasında geri çəkildi. Bəyanatda səslənən, diqqəti çəkən fikirlər tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, təhlükəsilik məsələlərinə zəmanət vermələridir. Yerdə qalan fikirlər mənim zənnimcə daha çox ümumi xarakter daşıyan fikirlərdən ibarətdir", - deyə Q.Hüseynli bildirdi.
Həmidə İbrahimova