"Vardanyanın Xankəndidə nə iti azıb?" - Hafiz Hacıyev

"Ermənilər bu gün gəlib Qarabağda 60 minlik mitinq keçirirlərsə, biz nədən danışa bilərik? Qarabağa əgər bizimdirsə, Xankəndidə ermənilərin nə işi var? Söhbət ondan gedir. Xankəndidə bu gün ermənilərin heç bir işi olmamalıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
"Ermənilər gətirib Ruben Vardanyanı "dövlət naziri" qoyublar. Yaxşı, bu torpaq bizimdirsə, Xankəndi bizimdirsə, Vardanyanın orada nə iti azıb? Və yaxud da o birisilərinin nə iti azıb orada? Torpaq bizimdir. Niyə gedib orada bizim hörmətli hüquq mühafizə orqanları onları tutmadılar, döyüb dağıtmadılar?" - deyən Hafiz Hacıyevin fikrincə, Rusiya istəyir ki, Qarabağ məsələsi uzadılsın:
“Hələ Rusiya da bir tərəfdən təbliğ edir ki, müstəqil Qarabağ Respublikası yaradılsın, o biri orada istəyir səfirlik açsın. Bunlar çox ciddi məsələlərdir. Hələlik məsələ alınmır. Rusiya Qarabağa status verilməsini istəyir. Bu variant bizim uduzmağımız deməkdir. Amerikanın variantı isə deyir ki, Qarabağ Azərbaycanın rayonlarından biridir. Bu məsələdə də iki dövlət arasında - Rusiya ilə Amerika arasında və Qərb arasında böyük bir mübahisə gedir. Burada özümüzün qətiyyəti lazımdır. Biz burada qətiyyətli mövqe qoymasaq, heç nəyə nail ola bilmiyəcəyik".
Həmidə İbrahimova