"Ermənistan şərtlərə əməl etmirsə, bunun adekvat cavabı olmalıdır" - Deputat

 10:53 02.11.2022     464

"Ermənistan öz suveren ərazisində dəhliz yaratmayacaq".

Bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının qurultayında səsləndirib.

Bəs, Ermənistan 10 noyabr bəyanatına şərtinə əməl etməyib, Zəngəzurdan Naxçıvana dəhliz və ya yol açmayacaqsa, Azərbaycan Laçın dəhlizinin fəaliyyətini dayandıra bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi ki, Ermənistan 10 noyabr bəyanatına imza atmaqla Naxçıvan ilə Azərbaycanın qərb rayonları arasında həm insanların, həm yüklərin sərbəst və təhlükəsiz yerdəyişməsini üzərinə götürüb.

“Təbii ki, Paşinyan faktı təhrif edir. 2020-ci ilin 10 noyabr tarixində imzalanan birgə bəyanatın 9-cu maddəsində göstərilir ki, Naxçıvan ilə Azərbaycanın qərb rayonları arasında həm insanların, həm yüklərin sərbəst və təhlükəsiz yerdəyişməsinə Ermənistan zəmanət verir. Bu nəyin vasitəsinə baş verə bilər? O halda baş verə bilər ki, Naxçıvan və Azərbaycanın qərb rayonları arasında dəhliz açılsın. Burada başqa istiqamətdə interpretasiya olunacaq bir məsələ yoxdur və Ermənistan sənədə imza atmaqla bu məsuliyyəti üzərinə götürürsə, bu dəhlizi təmin etməlidir.

Paşinyan deyir ki, heç bir sənəddə belə bir şərt mövcud deyil. Necə yəni mövcud deyil? Bəs Ermənistan nə üçün üzərinə öhdəlik götürür? Bu baxımdan, Paşinyanın davranışları ona dəlalət edir ki, bütün vasitələrlə yekun sülh sazişinin imzalanmasından yayınmağa çalışır”.

Laçın dəhlizi məsələsi ilə bağlı deputat qeyd etdi ki, əgər Ermənistan şərtlərə əməl etmirsə, mütləq şəkildə bunun adekvat cavabı olmalıdır.

“Birgə bəyanatın şərtlərinə əməl olunmaması həm də ona dəlalət edir ki, Ermənistan digər şərtlərə də əməl etməyə bilər və sənəddə ifadəsini tapan bəndləri fərqli tərzdə izah edə, özü üçün qiymətləndirə bilər. Buna görə də, təbii ki, Ermənistanın davranışlarına adekvat şəkildə cavab vermək lazımdır, amma nəzərə almaq lazımdır ki, Paşinyan öz mövqelərində tez-tez transformasiyalara məruz qalır.

Bir müddət öncə də Paşinyanın özü Zəngəzur dəhlizi haqqında danışmağa başlamışdı, hətta buna razı olduqlarını bildirmişdi. Təbii ki, Paşinyan vəziyyətə uyğun müəyyən mövqelər sərgiləyir. Görünür, Avropa İttifaqının, ATƏT-in missiyasının Ermənistana göndərilməsi Paşinyanı ürəkləndirib. Ona görə də o, bu cür mövqe nümayiş etdirir. Amma Paşinyan unumamalıdır ki, regionda bütövlükdə proseslərə təsir imkanı olan dövlət Azərbaycandır və təbii ki, Azərbaycanın iradəsi, haqlı tələbi ilə biz Naxçıvan və Azərbaycanın qərb rayonlarını birləşdirən əlaqəni də quracağıq”,- deyə Elşad Mirbəşiroğlu vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən