"İran hakimiyyəti başa düşməlidir ki, bizə qarşı heç nəyə nail ola bilməyəcəklər" - Cavanşir Paşazadə

 13:07 02.11.2022     449

“Dünən DTX-nın keçirdiyi tədbir, İran xüsusi xidmət orqanlarının azərbaycanlı vətəndaşlarımızadan ibarət yaratdığı silahlı dəstə, onlarda tutulan silahlar və digər formalar bir daha İranın tam simasını sübut etdi.

İran 30 il müddətində torpaqlarımızı işğalda saxlayan və bizə təcavüz edən Ermənistana dəstəyi xəlvətdə də olsa göstərmişdir”.

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, Azərbaycana qarşı planlaşdırılan aksiyalarla bağlı dünənki açıqlaması barədə danışarkən deyib. Onun sözlərinə görə, İran dövləti Azərbaycanın nailiyyətlərini, öz torpaqlarının azad olunmasını, qaçqın və köçkünlərin ora köçürülməsini açıq şəkildə qəbul etmir.

“İranın həm müdafiə naziri, həm də xarici işlər naziri bir neçə dəfə öz çıxışlarında Ermənistana haqq qazandırdıqlarını bildiriblər. Əlbəttə, bizim xalqımızda, bizim cəmiyyətimizdə müsəlman ölkənin müsəlman bir qonşu ölkəyə təcavüz edən düşməni dəstəkləməsi böyük qıcıq yaradır. Bu qıcıq nəticəsində də bizim siyasətçilər, din adamları və digər insanlar təbii ki, buna qarşı çıxır. Əlbəttə bizim dövlətimiz qonşu ölkələrin siyasətinə, onların daxili işlərinə qarışmalı deyil. Təbii ki, istəmirik ki, bizim də daxili işlərimizə qarışılsın. Dəstək də olmasa, heç olmasa maneçiliklər törətməsin. Bunların maneçilikləri də ifşa olundu. Bizim dövlətimzin sayıqlığı nəticəsində İranın Azərbaycana qarşı hazırladığı 19-20 nəfəri tutuldu. Hələ mən elə bilirəm ki, bu tədbirlər davam etdirilir. Təbii ki, bunların saxlanılmsı, dindirilməsi, aşkarlanması olacaq. Amma onlar başa düşməlidir ki, bizə qarşı görülən bu hərəkətlərlə heç nəyə nail ola bilməyəcəklər. Onların Suriyada və digər ölkələrdə “din” adı altında gördüyü işləri Azərbaycanda aparmaq mümkün olmayacaq. Bizim xalq dövləti, dövlətin siyasətini dəstəkləyir, dövlət başçısının arxasında durur və onunla birdir. Bizim hər birimiz, istər din adamları, istər fərdi vətəndaşlarımızın hər biri öz dövlətinin, torpağının, siyasətinin arxasında duran vətəndaşlarımızdır. Azərbaycan vətəndaşlarının İran xüsusi xidmət orqanlarına işləməsinə gəlincə, indi belə ünsürlər hər dövlətdə var. Əqidəsi,dini, vətəni, anası olmayan insanlar var. Bilinmirki nədən törəyiblər. Azərbaycan vətəndaşı adı altında da bu hərəkətləri edirlər. Təbii ki, dövlətimiz ayıq-sayıqdır. Heç vaxt belə bir şey bizdə mümkün deyil", - deyə deputat vurğulayıb.

Həmidə İbrahimova