"Silahlı terrorçunun İran səfirliyinin rəsmi avtomobili ilə Azərbaycana gətirilməsi..." - Deputat DTX-nın əməliyyatından DANIŞDI
Xəbər verdiyimiz kimi, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib.
Araşdırmalar zamanı İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılan köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasının təşkil olunduğu müəyyən olunub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu bildirdi ki, Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızın və dövlətimizin təhlükəsizliyi üçün son dövrlərdə çox uğurlu əməliyyatlar həyata keçirir.
“Bu əməliyyatlar nəticəsində ərazimiz, vətəndaşlarımız özlərini daha təhlükəsiz şəraitdə hiss edirlər. Bunlar çox vacibdir. Nəzərə almaq lazımdır ki, vətənimizdə bir sıra ölkələrin, o cümlədən qonşu ölkələrin müxtəlif təhlükəsizlik xidməti qurumlarının maraqları var və onlar Azərbaycanın yaratdığı yeni reallığı, tarixi zəfəri qəbul etmək istəmirlər. Eyni zamanda, həm siyasi, həm də hərbi-siyasi müstəvidə Azərbaycana qarşı müxtəlif təxribat xarakterli planlar həyata keçirtməyə cəhd göstərirlər”,- deyə o, vurğuladı.
Millət vəkili qeyd etdi ki, İranın Azərbaycanda həm ideoloji sahədə, həm də dini müstəvidə cinayətkar qruplar hazırlaması ənənəsinin xeyli yaşı var:
“Yəni müstəqillik illərindən Cənub qonşumuz İran Azərbaycana həm məzhəb radikalizmini ixrac etməyə, həm də müxtəlif radikal dini qurumlar yaratmaqla Azərbaycanda öz maraqlarını təmin etməyə çalışıb. Azərbaycan xalqının milli birliyini məzhəb üzərindən bölmək istəyib. Eyni zamanda, Azərbaycan hökumətinə təzyiq üçün müxtəlif radikal silahlı birləşmələr də yaradıb.
Bütün bunlar isə Ermənistanın işğalına qarşı Azərbaycanın müqavimətini zəiflətməyə hesablanan, ermənilərə verilən dəstək idi, bu dəstək bu gün də verilməyə davam edir. Görünür, bunlar azmış kimi cinayətkar qrupların təlim keçməsi, Suriyaya göndərilməsi, lazım hesab etdiyi vaxtda Azərbaycana qarşı hərəkətə keçməsi planları da mövcud olub. Silahlı terrorçunun İran səfirliyinin rəsmi avtomobili ilə Azərbaycana gətirilməsi də bundan xəbər verir. Bu, artıq təsadüfən hansısa qruplaşmaların cinayətkarlara dəstək həvəsi deyil, İranın rəsmi qurumları tərəfindən bu səylərin həyata keçirilməsinin isbatıdır. Ona görə də, Azərbaycan xalqı DTX-nın bu əməliyyatını dəstəkləyir. Şübhəsiz ki, bu, Dövlət Xidmətinə qarşı böyük etimaddır. DTX üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, Azərbaycan Prezidentinin bu quruma göstərdiyi etimadı layiqincə doğrulda bilir”.
Nərmin VÜQARQIZI












