"Regional idarəetmə sisteminə keçid daha cəlbedici görünür" - Əliməmməd Nuriyev

 16:06 04.11.2022     577

“Naxçıvan Muxtar Respublikasının statusunun ləğvi ilə bağlı konstitusion dəyişikliklər olmalıdır. Konstitusiyada dəyişikliklər baş verərsə, Naxçıvanın muxtar respeblikası statusu ləğv oluna bilər.”

Bu sözləri Redaktor.az-a Naxçıvan Muxtar Respublikasında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ləğv edilərək əvəzində DTX-nın Baş idarəsinin yaradılmasından sonra, bunun Naxçıvanın statusunun ləğvinə hazırlıq kimi qiymətləndiriliməsinə münasibət bildirən keçmiş deputat, hüquqşünas, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Naxçıvanın statusunun ləğvi üçün birincisi konstitusion dəyişikliklər baş verməlidir və referendum olmalıdır.

"Refendumdan sonra yalnız belə bir qərar qəbul olunar ki, Naxçıvan Muxtar Respublikası ləğv olunsun. İkincisi, əlbəttə ki, ümumiyyətlə idarəetmə aparatının sadələşdirilməsinə ehtiyac var. Bir sıra idarəetmə aparatları, nazirliklər, mərkəzi icra hakimiyyəti orqanları qismində çıxış edən təsisatlar var ki, onların idarə statusuna çevrilməsi normal bir şeydir. Bu, həm idarəetmə aparatının şişirdilməsinin qarşısını alır, həm də büdcə vəsaitlərinə qənaətlərə gətirib çıxarır. Regionlarda bir qayda olaraq belə yüksək statusa malik olan çoxsaylı nazirliklərin olmasına ehtiyac yoxdur. Baş idarə səviyyəsində də, mənə elə gəlir ki, həmin fəaliyyəti həyata keçirmək imkanı verilcək. Əslində Baş idarə daha çevik idarə etmə formasıdır. Çünki burada bütün işlər o aparatın şişməsi yox, real olaraq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə və funksional vəzifələrin icrasına yönələn bir fəaliyyətdir. Ona görə Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarəyə çevrilməsi normal bir yanaşmadır. Hesab edirəm ki, belə yanaşmalarda idarəetmənin təkmilləşdirilməsi, idarəetmə qarşısında duran əsas vəzifəsinin təkmilləşdirilməsinə yönəlik addımlardır".

Fond rəhbəri hesab edir ki, Naxçıvanın statusunun ləğvi ilə bağlı zaman-zaman müzakirələr aparılıb.

"Bununla bağlı ciddi müzakirələr getməlidir. Bu müzakirələr nəticəsində əlbəttə ki, daha rasional qərarlar qəbul etmək mümkün olacaqdır. Məsələnin hüquqi tərəfini dedim. Siyasi və iqtisadi, həm də beynəxlaq tərəflərinə də baxmaq lazımdır. Çünki Naxçıvan Muxtar Respublikasının statusu həm də Qars müqaviləsi ilə tənzimlənir. Naxçıvanın statusunun belə olmasının səbəblərindən bir də Qars müqaviləsidir. Ona görə də düşünürəm ki, burada bu məsələlər bütün aspektdə nəzərə alınmalıdır. Ümumiyyətlə, mən regional idarəyə keçidin tərəfdarıyam. Regionlar üzrə Azərbaycan iqtisadi rayonlara bölünmüşdür. Artıq bu istiqamətdə prezident sonuncu dəfə iki yeni iqtisadi rayon yaratdı - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu. Yerli icra hakimiyyəti sturukturlarının regional idarəetmə səviyyəyə qaldırılmasına zərurət görürəm.”

Əliməmməd Nuriyev onu da qeyd etdi ki, yerli icra hakimiyyətlərinin bütövlükdə tam olaraq ləğv olunmasına gələcəkdə baxmaq olar.

“Bütövlükdə onların səlahiyyətlərini bələdiyyələrə vermək olar. Bu paralelliyin aradan qalxmasına gətirib çıxardar. Ona görə də maksimum dərəcədə bu gün qarşıda duran əsas məsələlərdən biri idarəetmənin təkmilləşməsidir. Amma idarəetmənin təkmilləşdirilməsi yolları elə də rahat deyil. Bu, ciddi müzakirələrdən keçməlidir. Və hər bir qurumun doğurdanda mövcudluğu hansı zərurətdəndir, eyni zamanda ölkənin inkişafına hansı tövhələr verə bilər kimi məsələlər öyrənilməlidir. Eyni zamanda, həmin qurumların bütövlükdə idarəetmə sistemində olan bu qurumların ləğvinə gətirib çıxardan səbəblər hansılardır. Məsələn, yerli icra hakimiyyətləri qurumları hal-hazırda mövcuddur. Onlar daha çox korrupsiyaya məruz qalmış qurumlardır. Onlar korrupsiya ilə zədələnmişdir. Ona görə də burada idarəetmə sisteminin təkmilləşdirilməsiinə ehtiyac vardır. Çünki eyni zamanda yerli icra hakimiyyətləri həm də keçmiş sovetlər birliyindən, rayon partiya komitələrindən qalan bir mirasdır... Burada həm paralellik var, həm qeyri-qənaətlilik var, həm də büdcə vəsaitlərinin bəzi hallarda lazımsız xərclənməsinə, idarəetmə aparatının həddindən artıq şişməsinə gətirib çıxarır. Ona görə də optimallaşdırmağa ehtiyac var. Bu baxımdan, regional idarəetmə sisteminə keçilməsi daha cəlbedici görünür. Artıq bununla bağlı prezidentin səlahiyyətli nümayəndəliyi yaradılıb. Eyni zamanda, konstitusiya nəzərə alınmalıdır. Çünki bir sıra təsisatlar var ki, konstitusion təsisatlardır və bunlarla bağlı hər hansı bir dəyişikliklər isə konstitusiya dəyişiklikləri əsasında edilir. Bu isə referendum olmasını zəruri edir. İndi ola bilsin ki, qarşıdakı müddət ərzində yeni referendum da keçirilə bilər. Çünki cənab prezident tərəfindən idarəetmənin daha da təkmilləşdirilməsi, optimallaşdırması, bürokratiyanın azaldılması, dövlət aparatının şişirdilməsinin azaldılması və sair kimi istiqamətdə çox geniş mesajlar səslənmişdir. Və bu istiqamətdə artıq addımlar atılır. Bu, eyni zamanda kompleks xarakter daşıyan məsələdir. Hər bir qərar qəbul ediləndə düşünülüb daşınılmalıdır. Bütövlükdə Azərbaycan həm də 44 günlük Vətən müharibəsində qalibiyyət əldə etdi.  Azərbaycanın yenidən formalaşdırılması istiqamətində, bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm  idarəetmə həm də digər sahələrdə təkmilləşdirilmə işləri gedir”, - deyə keçmiş deputat bildirdi.

Həmidə İbrahimova