Naxçıvanın statusu ləğv olunur? - Zahid Orucdan AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ləğv edilərək DTX-nin Naxçıvan Baş İdarəsinin yaradılması geniş müzakirələrə səbəb olub. Bəzi ekspertlərə görə, Naxçıvanda DTX-nın ləğv edilərək Baş İdarə yaradılması əslində Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıqdır.
Bəs, Naxçıvanın Muxtar Respublika statusunun ləğvi mümkündürmü?
Sualımızı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc cavablandırdı. O Redaktor.az-a bildirdi ki, Naxçıvan DTX-nın Baş İdarəyə çevrilməsi struktur islahatların tərkib hissəsidir.
“Naxçıvan özünün Muxtar Respublika statusunu ali qanunlar çərçivəsində əldə edib və burada daha uzaq gedən nəticələrin çıxarılmasını sosial mediada və ya digər platformalarda, əlbəttə, qadağa qoyulması mümkün deyil. Amma bildiyim qədər, bundan əvvəlki rəhbərin həbsi, o ətrafda müxtəlif hadisələrin ictimailəşməməsi, sona qədər bununla bağlı dövlətin hansı məxfi mənafelərinə ziyanın gəlib-gəlmədiyinin dəyərləndirilməsi çərçivəsində ona qiymət verilib. Yəni bu məsələlərlə bağlı dövlət rəhbərinə edilən məruzələrin şübhəsiz ki, alt qatında dayanan qovluqları, arayışları bilmədən bu cür mühakimələri çox da yerində hesab etmirəm. Naxçıvan mühüm bir məkan kimi bu gün Azərbaycanın həm də Zəngəzur dəhlizi vasitəsilə quru məkanından qopmasının aradan qaldırılması istiqamətində cənab Prezident tərəfindən çox böyükmiqyaslı işlər həyata keçirilir. Ona görə də, Naxçıvanın təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyinin ayrılmaz hissəsidir. Lakin eyni zamanda, oradakı idarəetmə orqanları da Azərbaycan Konstitusiyası çərçivəsindədir”.
Komitə sədri qeyd etdi ki, bilavasitə mərkəzi idarəetmə orqanları yerləşən strukturlar bir neçə dövrdə fərqli adlar, statuslar, təşkilati idarəetmə formasına görə islahatlara məruz qalıb.
“Milli Təhlükəsizlik Nazirliyi adından Dövlət Təhlükəsizliyi, həm də Xarici Kəşfiyyat İdarəsinin yaranması da, əslində qabaqcıl ölkələrin təcrübəsində geniş yayılan bir modeldir. Buna görə də, bu məsələ ilə bağlı verilən qərar içərisində mən istəməzdim ki, müxtəlif siyasi amillər axtarılsın. Lakin bütövlükdə götürəndə ölkənin idarəetmə quruluşu və inzibati ərazi vahidləri və sair üzrə hər bir təsisatın necə fəaliyyət aparması da müstəsna olaraq Prezidentin səlahiyyətləri çərçivəsindədir. Doğrudur, bir qisim məsələlər isə yalnız referendum vasitəsilə gerçəkləşdirilə bilər. Ona görə də, Naxçıvanın xüsusi statusu müəyyən tarixi səbəblərdən qaynaqlanır. Sovet dövründə belə Naxçıvan Muxtar Respublikası bu statusu əldə edib. Ona görə də, ötən 10 illər ərzində də bunun xeyrinə həm də dövlətimizin həssas zamanında gücünü artıran bir amil kimi çıxış edir. Bu məsələ ətrafında əlbəttə ki, hansısa şəxslərə münasibətdə fərqli mövqe tutanların da düşüncələrinə hörmətlə yanaşırıq. Dövlət Təhlükəsizliyi orqanlarında ölkə üzrə elə fəaliyyət aparılmalıdır ki, Azərbaycanın suverenliyi, konstitusiyanın prinsipləri ölkənin bütün coğrafiyasında birbaşa dövlətin iradəsi çərçivəsində idarə oluna bilsin. Ali məram və məqsədimiz bu olmalıdır.
Mən düşünürəm ki, məsələ bizim onun lehinə və ya əleyhinə olmamız deyil, dövlətin gündəliyində belə bir məsələnin durmadığına əminəm. Çünki bu yöndə müzakirələr aparılmış olsa idi, onun həm hüquqi, siyasi, təhlükəsizlik aspektləri bu və ya digər idarələr, təşkilatlar və ya platformalar üzərindən müzakirə olunmalı idi. Ona görə də, Naxçıvanın hazırda statusunun ləğv edilməsinin gündəmdə yeri barədə məlumatım yoxdur”, - deyə Zahid Oruc bildirdi.
Nərmin VÜQARQIZI