Azərbaycan İsraildə səfirlik aça bilərmi? - Deputatdan AÇIQLAMA

 18:18 11.11.2022     2345

İranla gərginlik fonunda İsraildə Azərbaycan səfirliyi açılması ilə bağlı təkliflərin sayı artmaqda davam edir. Son günlər bu məsələ mətbuatda geniş müzakirələrə səbəb olub. Bir çox siyasətçilər hesab edir ki, İsraildə Azərbaycan səfirliyi açılması olduqca vacib məsələdir.

Elə Milli Məclisin deputatı Müşfiq Məmmədli də bu fikirdədir.

Bu barədə Redaktor.az-a danışan M.Məmmədli bildirdi ki, Azərbaycan bütün dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq, aktiv siyasət yürütmə taktikasında hərəkət edir:

“Bu baxımdan, biz ərazi bütövlüyümüzə hörmət edən, beynəlxalq normalara riayət edən bütün ölkələrlə, o cümlədən İsrail ilə xoş, qarşılıqlı münasibət qurmağın tərəfdarıyıq. Burada heç bir ölkəyə istisna yoxdur. Dediyimiz kimi, beynəlxalq normalara, BMT-nin prinsiplərinə riayət edən hər bir ölkə ilə Azərbaycan daim əməkdaşlıq etməkdədir və edəcək”.

Deputat qeyd etdi ki, dünyada gedən sisayi proseslər, Azərbaycanın 44 günlük müharibəyə qədərki geopolitik vəziyyəti dövlətimizin bu istiqamətdə özünəməxsus addımlar atması üçün şərait yaratdı.

“Azərbaycan gərgin geopolitik məkanda ölçülüb-biçilmiş addımları daima atır. Bu baxımdan da, İsraildə səfirlik açmaq məsələsinə də bu konteksdən yanaşmalıyıq. Təbii ki, Vətən müharibəsindən sonrakı dövrdə və indi qonşuluğumuzdakı ölkələrin bizə münasibətinə, orada gedən proseslərə nəzər yetirsək,  Azərbaycan da davamlı olaraq öz xarici siyasətində müəyyən korrektələr etməlidir”, - deyə M.Məmmədli bildirdi.

Nərmin VÜQARQIZI