“Ruben Vardanyan Rusiyanın Qarabağda yeni layihəsidir" - Tofiq Zülfüqarov
“Ruben Vardanyanın Xankəndidəki separatçı rejimə "dövlət naziri" təyin edilməsi, bu, bir növ Rusiyanın Qarabağda yeni layihəsidir. Vardanyan hərbi cinayətlərdə əli olmayan bir insan kimi özü də bəyan edib ki, danışıqlar aparmağa hazırdır. Və hesab edir ki, Azərbaycan rəhbərliyi guya ki, hansısa danışıqları onlarla aparmalıdır. Bunların nəticəsində status əldə olunmalıdır. O, özünü faydalı bir namizəd kimi təqdim edir".
Bu sözləri Redaktor.az-a keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiyadan Azərbaycanın Xankəndi şəhərinə köçən erməni biznesmen Ruben Vardanyanın oradakı qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, hazırda Azərbaycana qarşı digər "layihələr, planlar" var.
"Məsələn, noyabın 15-i Fransada da senat tərəfindən qətnamə qəbul olunacaq. Guya ki, danışıqlar məhz “separatçı” qurumlarla aparılmalıdır. Bu, Azərbaycana qarşı təzyiqdir. Eyni zamanda, biz görürük ki, Soçi görüşündən və prezidentin bəyanatından sonrakı məsələ öz həllini tapıb. Azərbaycan bu məsələni öz daxili işi kimi qəbul edir. Yəni, orada yaşayan ermənilər təbii ki, hansısa qanuni prosedurlardan sonra vətəndaşlıq alıb digər vətəndaşlar kimi yaşaya bilərlər. Bu baxımdan, əgər Vardanyanın çıxışlarını təhlil etsək, görəcəyik ki, Soçi danışıqlarından sonra başa düşüb ki, burada bunların bu istəyi keçməyəcək. Azərbaycan bunu qəbul etməyəcək", - deyə Tofiq Zülfüqarov bildirib.
Həmidə İbrahimova