“Lukaşenko Paşinyana dedi ki, KTMT Ermənistan üçün döyüşməyəcək” - Belaruslu analitik - FOTO

 15:01 07.11.2022     192

“Cari ildə baş verən hadisələr göstərdi ki, KTMT böhran vəziyyətlərinə reaksiya mexanizmini optimallaşdırmalıdır. Bu məsələ ilə bağlı sənədlər paketi artıq hazırlanıb və razılaşdırılma mərhələsindədir. KTMT-yə üzv dövlətlərin başçılarının göstərişi ilə bu məsələ ilə bağlı müvafiq sənədlər paketi hazırlanıb və razılaşdırılır”.

Redaktor.az xəbər verir ki, bu sözləri bu günlərdə KTMT baş katibinin müavini Valeri Semerikov MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin iclasında deyib.

Semerikov hesab edir ki, dünya nizamının hazırkı transformasiya dövrü assosiasiyaya üzv dövlətlər üçün ən ciddi güc sınağına çevrilib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan, eləcə də Qırğızıstanla Tacikistan arasında eskalasiya və qarşıdurma təhlükəsi qalmaqdadır.

Maraqlıdır, əlbəttə, lakin praktikada bunun həyata keçirilməsi mümkündürmü? Hətta fərz edək ki, KTMT-nin aidiyyəti mütəxəssisləri böhran vəziyyətlərinə reaksiya vermək üçün birgə səylərlə bəzi mexanizmlər hazırlamağa, həmçinin bunun baş verməsi halında mexanizmlərin aydın fəaliyyət istiqamətini müəyyən etməyə nail oldular və s. Bəs sonra? Bu hələ hər şey demək deyil.

Daha sonra KTMT dövlətlərinin xarici siyasət istiqamətləri və prioritetləri ilə bağlı məsələlər ön plana çıxır. Yoldaş Semerikov bunu da unutmamalı idi. Təsəvvür edək ki, Ermənistan Azərbaycanla şərti sərhəddə növbəti silahlı təxribat təşkil edir və dərhal da KTMT-nin yeni cavab mexanizmini praktikada sınaqdan keçirmək qərarına gəlir. O zaman həqiqətənmi KTMT ölkələrinin döyüş hissələri dərhal İrəvana köməyə gələcək və Azərbaycana qarşı döyüşmək üçün hərəkətə keçəcək? Kim bu addımı atmağa qərar verə bilər - Qazaxıstan, Qırğızıstan, Tacikistan, ya Belarus? Azərbaycanın bütün bu dövlətlərlə dostluqdan da ötə əlaqələri var. Belə olduğu halda KTMT rəhbərliyinin bu yeni məqsədlərini və bu məqsədlərin praktikada realizəsini necə dəyərləndirmək olar?

Caliber.az-ın bununla bağlı suallarını KTMT-yə üzv ölkələrin ekspert icmalarının nümayəndələri özləri cavablandırıblar.

Belaruslu analitik Zmiser Miskeviç qeyd edib ki, KTMT rəhbərliyi istənilən məqsədlər üzərində düşünə bilər. Lakin məsələ ondan ibarətdir ki, bu istiqamətdə heç bir iş görülməyəcəyi artıq hamıya aydındır. Onun sözlərinə görə, bütün bunlar, sadəcə, boş sözlərdir, bununla bağlı hər hansı fəaliyyət olmayacaq.

“KTMT ölkələrinin sonuncu sammiti zamanı Paşinyan Ermənistana hansısa formada dəstək verilməsi zərurəti ilə bağlı çox cəhd göstərdi, kömək istədi. O xatırlatdı ki, KTMT-nin müvafiq maddəsinə görə, üzv dövlətlərdən birinə edilən hücum bütün təşkilata hücum kimi qiymətləndiriləcək. Lakin nəticə göz qabağındadır – heç nə edilmədi və heç kim də heç nə etməyəcək. Ən əsası isə Paşinyanın öz replikaları qarşılığında eşitdiyi tək cavab Lukaşenkonun sərt reaksiyası oldu. Lukaşenko Paşinyana ümumiyyətlə çox açıq sual verdi: “Nə istəyirsiniz bəs?” Bu çox maraqlıdır. Yəni Lukaşenko açıq şəkildə bildirir ki, heç kim hər hansı Ermənistanı dəstəkləmək fikrində deyil. Həmçinin də qeyd etdi ki, hansısa kağız parçasında KTMT ilə bağlı nəsə yazılması onu qətiyyən maraqlandırmır.

Beləliklə, burada əslində hər şey aydın olur. Məlum olur ki, ümumiyyətlə, bütünlükdə bu ittifaqı təşkilat adlandırmaq belə, çətindir. Çünki bu təşkilat bu dövlətlərin hər biri ilə Rusiya Federasiyası arasında bir sıra ikitərəfli sazişlərdən ibarətdir və hər kəsə aydın oldu ki, onlar KTMT-dən nə istəyirlər. Bu ölkələrin hər biri Rusiyadan ancaq pulsuz silah əldə edilməsini və ya bu silahların pulsuz modernləşdirilməsini istəyirdi. Vəssalam. Bunun müqabilində, təbii ki, Rusiyaya geosiyasi loyallıqlarını bəyan etməli idilər”, - deyə belaruslu həmsöhbət bildirib.

Miskeviçin sözlərinə görə, KTMT-də heç kim heç vaxt kiməsə dəstək olmaq, kimin üçünsə döyüşmək istəməyib.

“Allah eləməsin! Ona görə də bu haqda danışmağa belə, ehtiyac yoxdur. Beləliklə, KTMT-nin yararsız rəsmilərinin bütün bu açıqlamaları yalnız gülüş doğurur. Çünki onlar sözün əsl mənasında baş qərargahda boşuna “kreslo qızdırırlar” və onlardan heç bir xeyir yoxdur.

Məncə, artıq bütün dünyaya aydındır ki, bu, təşkilat deyil, sirkdir. Bu, Rusiya Federasiyasının bu ölkələrin ərazilərində təsirini saxlamaq üçün qurulan özünəməxsus bir liqadır, vəssalam. Onların heç biri ciddi hərbi əməliyyatlara qoşulmaq niyyətində deyil. Bununla bağlı yeganə misal kimi Qazaxıstandakı vəziyyəti göstərmək olar ki, KTMT qrupu etirazları boğmağa kömək üçün gəldi. Bu, onların qadir olduqları tək şeydir. Həmçinin bu təşkilatın tək yaranma məqsədi də bu idi. Artıq bunun heç bir mənası yoxdur. Xüsusən də indiki vəziyyətdə onların heç biri kimsə üçün döyüşməyəcək. Lukaşenkonun açıq-aydın şəkildə dediyi də budur. Yəni hansı Ermənistan? Biz burada Ukrayna ilə müharibə edirik. Onlar üçün bu, ən vacib məsələdir. Mənə elə gəlir ki, Ermənistan tərəfindən bu faydasız təşkilata müraciət hətta gülməli görünür, çünki bunun heç bir nəticə vermədiyini artıq hamı dəfələrlə görüb”, - deyə Miskeviç qeyd edib.

Rusiyalı politoloq, “Demokratik seçim” siyasi partiyasının həmsədri, Qaydar adına İqtisadi İnkişaf İnstitutunun (Moskva) baş eksperti Serqey Javoronkov da öz növbəsində KTMT-nin mürəkkəb struktura malik olduğunu bildirib. Qərarın qəbul edilməsi üçün sədr tərəfindən məsələ qaldırılmalıdır (bu, rotasiya əsasında dəyişir) və iştirakçı ölkələr tərəfindən yekdilliklə təsdiqlənməlidir.

“2021-ci ildə Ermənistan sərhəddəki hadisələrlə bağlı belə bir müraciət etmişdi, lakin o rədd edildi və kollektiv mövqenin dəyişəcəyini düşünmək üçün bir əsas yoxdur. Digər bir məsələ odur ki, faktiki olaraq KTMT-nin əsas qüvvəsi Rusiyadır. Nəzəri cəhətdən o, təkbaşına yardım göstərə bilərdi, xüsusilə də ona görə ki, Rusiyanın beynəlxalq hüquqdan o qədər də narahat olmadığını görürük. Amma Rusiya Ukrayna müharibəsində bataqlığa düşüb və mənə elə gəlir ki, bu bitənə qədər Rusiyanın iştirakı ilə yeni müharibənin baş verməsi ehtimalı azdır. Bundan əlavə, biz “Taxıl sazişi”ndən gördük ki, Türkiyənin Rusiyaya qarşı ciddi təsir rıçaqları var – boğazlar məsələsi və qrupun Suriyadakı təchizatı”, – deyə Javoronkov vurğulayıb.

Qazaxıstanlı politoloq Aydar Amrebayev isə Semerikovun açıqlamasını əli gətirməyən kart oyunçusunun tövrünü pozmamasına bənzədib.

“Əslində qəbul edilmiş bəyannamələrlə real siyasət arasında çox böyük məsafə var. Son zamanların təcrübəsi inandırıcı şəkildə sübut edir ki, bürokratik idarələrdə yaradılmış mexanizmlərin heç biri indiki şəraitdə işləmir və ya qismən işləyir. Dövlət başçıları tərəfindən qəbul edilən ciddi qərarlar və ən əsası, planlaşdırılan tədbirlər aktual razılaşmalar, strateji maraqlar və taktiki məqsədəuyğunluqlar nəzərə alınmaqla həyata keçirilir”, - deyə Amrebayev bildirib.