“Bölgədə Qərbə də, Rusiyaya da münaqişə ocağı lazımdır” - Deputat

 18:41 07.11.2022     628

Azərbaycan 44 günlük müharibədə zəfər çaldıqdan sonra 30 ilə yaxın Qarabağ probleminin həllinə biganə qalan Qərb və Rusiya indi Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına "maraq" göstərirlər.

Bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən isə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə üçtərəfli görüşlər keçirir. Eyni zamanda, ABŞ da Azərbaycan-Ermənistan arasnında vasitəçilik üçün səy göstərir. Belə ki, bu ölkənin dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqları aparılacaq.

Maraqlıdır, Qərb, yoxsa Rusiya iki ölkə arasında sülhün bərqərar olmasında daha səmimidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, onların heç biri Azərbaycan-Ermənistan arasında sülhün olması üçün səmimi münasibət göstərmirlər.

“Nə üçün belə deyirəm? Rusiya istəyir ki, Cənubi Qafqaz bölgəsində öz nüfuz dairəsini qoruyub saxlasın. Qərb də istəyir ki, Rusiyanı bölgədən çıxarıb özü yerləşsin. Belə olan halda, bölgədə onların hər ikisinə münaqişə ocağı lazımdır. Çünki bölgədə, dövlətlər arasında gərginlik, münaqişə olmadıqdan sonra burada üçüncü tərəflərin iştirakına ehtiyac qalmır. Üçüncü tərəflərin maraqlarının təmin olunması üçün onlar hökmən tək Azərbaycan və Ermənistan arasında yox, dünyanın istənilən bölgəsindən - Yaxın Şərqdə, Cənubda, Şimalda harada öz mövcudluqlarını təmin etmək istəyirlərsə, orada mütləq münaqişə yaradırlar. Ya dövlətin içərisində, ya dövlətlərarası və sair. Buna görə də, onların "Azərbaycan və Ermənistan arasında sülh olsun" deməklərinə baxmayaraq, ancaq sülh olandan sonra üçüncü tərəflərə ehtiyac qalmayacaq. Onlar da bölgədə olmaq istəyirlər, buna görə də, onların sözləri və əməlləri üst-üstə düşmür. Mən də buna görə, deyirəm ki, səmimi olaraq heç bir tərəf dayanıqlı sülhün mövcud olmasını istəmirlər”, - deyə deputat vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən