"Azərbaycanın İsraildə səfirliyinin açılması vacibdir" - Politoloq

 10:57 10.11.2022     391

"Azərbaycan müttəfiqi olan İsraildə tezliklə səfirlik açmalı, bunun üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Asim Mollazadə deyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirdi ki, İsraildə Azərbaycan səfirliyinin açılmasına ehtiyac var:

“Ölkələr arasında uzun illər boyu yaxından əməkdaşlıq var və bu ölkə faktiki olaraq bütün istiqamətlərdə Azərbaycanın mövqelərini dəstəkləyib. İsrail Azərbaycan Ordusunun müasir hərbi texnika ilə təmin olunması prosesində də yaxından töhfə verib, beynəlxalq müstəvidə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəkləyib, özünü bir çox qonşu dövlətlərdən və bizimlə ortaq mədəniyyətə malik olduğunu iddia edən ölkələrdən daha yaxın və ədalətli aparıb. Bu aspektdən düşünürəm ki, Azərbaycanın İsraildə səfirliyinin açılması vacib faktorlardan biridir. Ölkəmiz bu istiqamətdə müvafiq addımlar atacaq”.

Bu günə qədər İsraildə Azərbaycan səfirliyinin açılmaması ilə bağlı danışan politoloq qeyd etdi ki, bu barədə olduqca müxtəlif yanaşmalar mövcuddur.

“İndiyə qədər İsraildə səfirliyin açılmaması müxtəlif aspektlərdən dəyərləndirilə bilər. Bunu bir sıra hallarda qonşu İranın münasibətinə uyğun olaraq dəyərləndiriblər. Məlum olduğu kimi, İran İsrail əleyhinə mütəmadi olaraq təbliğat aparan və İsrailə qarşı mübarizəsini özünün hədəfinə çevirən bir ölkədir. Bu konteksdən dəyərləndirmələr də olub. Azərbaycanın İsraildə ciddi dəstəyinin olduğunu, həmçinin vaxtilə Azərbaycandan köçən insanların bizim ölkəmizin maraqları istiqamətində addımlar atıldığını, eyni zamanda İsrailin daxili siyasətində ölkəmizin mövqelərinə zidd olan hansısa bir hadisənin baş vermə perspektivinin olmadığını düşünərək səfirliyin açılmamasını dəyərləndirənlər də var. Yanaşmalar müxtəlifdir. Ən düzgün variantı isə şübhəsiz ki, Azərbaycan dövləti bilir”, - deyə E.Mirzəbəyli əlavə etdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən