İran və Rusiya Zəngəzur dəhlizinin açılmasına əngəllər törətməyə çalışır - Politoloq

 14:08 10.11.2022     432

"Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur".

Bu fikirləri Ali Baş Komandan, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

Prezidentin çıxışını Redaktor.az-a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, artıq neçənci dəfədir ki, prezident Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanan birgə bəyanatın öhdəlikləri ilə bağlı xəbərdarlıq edir.

“Prezident Şuşadakı böyük çıxışında Ermənistana ciddi xəbərdarlıq etdi. Bu xəbərdarlıqlar əsasən, Azərbaycanın ermənilər yaşayan Yuxarı Qarabağdakı silahlı qüvvələrinin çıxarılmasına aiddir. Bir də Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklə bağlıdır. Artıq neçə müddətdir ki, Ermənistan öz öhdəliklərini yerinə yetirmir. Azərbaycan həmin üçtərəfli müqaviləyə əsasən, öhdəliklərini yerinə yetirib. Hətta Laçın dəhlizinin yeni xəttinin çəkilməsi ilə bağlı olan məsələlərə qədər. Amma Ermənistan bizim suveren ərazilərimizdə gizlənən və sayları tam dəqiq bəlli olmayan erməni silahlı qüvvələrinin hissələrinin ərazidən çıxarılmasını yubandırır və yaxud da ki, yalançı vədlər verir. Zəngəzur dəhlizi məsələsində də Ermənistan səmimi hərəkət etmir”,- deyə ekspert əlavə etdi.

Politoloq qeyd etdi ki, Ermənistan üçüncü tərəfləri bu məsələyə daxil edərək Zəngəzur dəhlizinin açılmasına əngəllər törədir:

“Yəni İranı araya qatmaqla Zəngəzur dəhlizinin açılmasına əngəllər törətməyə çalışır. Üstəlik son vaxtlar bu prosesə Rusiya da qoşulubdur. Onlar da anti-Azərbaycan mövqe irəli sürüblər. Xüsusilə də, Soçi görüşündən sonra bu mövqedən çıxış etməyə başlayıb. Bütün bunlar ölkə prezidentinin Şuşadakı cəsarətli çıxışında öz əksini tapıb. Dövlət başçımız üzünü müəyyən ünvanlara - Cənuba və Şimala yönəldərək bildirib ki, biz heç kimdən qorxmuruq, çəkinmirik, lazım gələrsə, istənilən qüvvənin cavabını verməyə qadirik. Ona görə də, Ermənistandan tələb edirik ki, növbəti isti müharibəni, bölgədə gərginliyi yaratmaq istəmirsə, üçlü müqavilənin bütün vəzifələrini yerinə yetirsin”.

Nərmin VÜQARQIZI