"Azərbaycan İsrailin əsas müttəfiqidir" - Keçmiş nazir
ABŞ-ın geniş oxuyucu kütləsinə malik populyar nəşri “Jewish News Syndicate”də “Azərbaycan İrana qarşı mübarizədə İsrailin əsas müttəfiqidir” sərlövhəli məqaləsi dərc olunub.
Redaktor.az xəbər verir ki, məqaləni İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq, Azərbaycanla bağlı İsrail mediasında maraqlı açıqlamaları ilə yadda qalan Ayub Karav qələmə alıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlaminin bu yaxınlarda “İslam Respublikasının düşmənlərini müdaxilə və bədxah hərəkətlərinə” görə qisas almaqla hədələdiyini vurğulayan müəllif sözügedən bəyanatın SEPAH-ın İsrail, Amerika və İran dissidentlərini pilotsuz təyyarələrlə vurmaqla təhdid edən videoçarxın yayımlanmasından sonra verildiyini diqqətə çatdırıb, habelə Azərbaycanın da təhlükə altında olmasının təsadüf olmadığını qeyd edib.
Qeyd olunub ki, İranın ali dini lideri Ayətullah Əli Xameneyi noyabrın 2-də televiziya ilə çıxışında İslam Respublikasının ABŞ-ı məğlub etdiyini bildirib. Onun sözlərinə görə, gələcək dünya düzənində ABŞ əhəmiyyətsiz və təcrid olunmuş vəziyyətdə olacaq. Dini lider təkrar etdikləri "Amerikaya ölüm!" şüarının gerçəkləşəcəyini də tamaşaçılara vəd edib. İsrailli siyasətçi davam edən etirazları yatırmaq üçün öz xalqını vəhşicəsinə qətlə yetirən İran hakimiyyətinin bu təhdidləri fonunda İsrail dövlətinin molla rejiminə qarşı mübarizədə müttəfiqlərini dəstəkləməsi zərurətinə diqqət çəkərək, bu müttəfiqlərdən ən mühümünün Azərbaycan olduğunu vurğulayıb. Bildirilib ki, azərbaycanlılar İranla ümumi sərhədə malik olduqları üçün İslam Respublikasının yaratdığı təhlükəni lazımınca dərk edir, molla rejiminin bədxah və ekstremist fəaliyyəti haqqında müfəssəl məlumata malikdirlər. Bu mənada Azərbaycanla kəşfiyyat məlumatlarının mübadiləsi İsrail və İranın imperialist xarici siyasətinə qarşı çıxan digər ölkələr üçün faydalıdır. İranın Azərbaycana qarşı təhdidlərinin uzun tarixə söykəndiyinə diqqət çəkən israilli sabiq nazir İranın bu yaxınlarda iki ölkə sərhədində hərbi təlimlər keçməklə yanaşı, Ermənistan-Azərbaycan sərhədi yaxınlığında konsulluq açdığını da qeyd edib.
Müəllif belə qənaətdədir ki, İran Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin yaradılmasının özünün regiondakı müttəfiqləri ilə rabitəsini zəiflədəcəyini düşündüyündən bu ideyanın əleyhinədir. İran daxilində etnik azərbaycanlıların amansız repressiyaya məruz qaldığını xatırladan sabiq nazir soydaşlarımızın məktəblərdə ana dillərində danışmaq hüququndan məhrum edildiyini, mühafizə olunmayan Azərbaycan irsinin tədricən məhv olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məhz sözügedən səbəblərdən Azərbaycan İran təcavüzünə qarşı davam edən mübarizədə İsrailə dərin rəğbət bəsləyir. Azərbaycanı azlıqların və qadınların hüquqlarının qorunduğu dünyəvi, plüralist, multikultural cəmiyyət adlandıran müəllif bu səbəbdən azərbaycanlıların cinsi zorakılığa və digər işgəncələrə məruz qalan iranlı etirazçılara güclü həmrəylik hissi bəslədiyini qeyd etməklə yanaşı, ölkəmizin İrandakı etiraz hərəkatına həlledici dəstək verə bilmək potensialına diqqət çəkib. Vurğulanıb ki, İsrail dövləti İrandakı azərbaycanlılara onların haqlı milli mübarizəsində yardım göstərəcəyi halda, molla rejimi daha da zəifləyəcək və bu, son nəticədə azərbaycanlıların müstəqilliyə qovuşmasına böyük töhfə olacaq. İsrailli siyasətçi İsrail və Azərbaycanın İrana qarşı birgə hərəkətə keçməsinin vaxtı gəldiyini yazaraq, ölkəmizlə müttəfiqlik sayəsində İsrailin İranla sərhəddə etibarlı dayaq nöqtəsi əldə etməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanı İsrailin təbii müttəfiqi adlandıran sabiq nazir ölkəsinin İranın himayə etdiyi terrorizmə daha dözməyəcəyini və Yaxın Şərqdə, eləcə də bütün dünyada İran imperializminə qarşı Azərbaycanın yanında olduğunu bəyan edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jns.org/opinion/azerbaijan-is-a-key-ally-of-israel-in-the-fight-against-iran/












