"İranda baş verənləri bütün türk dünyası həyəcanla izləyir" - Ceyhun Məmmədov

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi ilə görüşdə dünya azərbaycanlılarının hüquqlarının qorunması ilə bağlı məsələyə xüsusi diqqət ayırıb.
Bu gün isə İranda etirazçıların edam olunması məsələsi gündəmdədir ki, onların da arasında minlərlə güneyli qardaşlarımız var.
Bu mənada, maraqlıdır,Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Güney Azərbaycanda baş verənlər, soydaşlarımızın orda molla rejimi tərəfindən repressiyaya məruz qalması, ümumiyyətlə dünya azərbaycanlılarının hüquqlarının qorunması məsələsi müzakirə edilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, sabahkı görüşdə ümumi məsələlər ətrafında müzakirələrin aparılması gözlənilir.
“Hesab edirəm ki, əslində cənab prezident bu məsələyə əvvəlki fikirlərində kifayət qədər toxunub. Bütün dünyada yaşayan soydaşlarımızın hüquqlarına, onların vəziyyətinə dair Azərbaycan dövlətinin münasibətini geniş şəkildə bildirib.
Sabahkı görüş ümumi türk dünyası ilə əlaqədar məsələlərlə bağlı müzakirələri əhatə edəcək. Ehtiyac olarsa, bu məsələ ilə bağlı da müzakirələr aparıla bilər. Amma hesab edirəm ki, bu günə kimi bütün dövlətlər öz üzərlərinə düşəni ediblər və lazım olan açıqlamanı veriblər. Əlbəttə, indi İranda baş verənləri bütün türk dünyası həyəcanla izləyir. İnanırıq ki, ümumi məqsədlər də qəbul ediləcək və bu hədəf uğrunda atılan addımlar da doğru və düzgün olacaq, .
Bütün bu məsələlərlə yanaşı hər bir dövlətin özünün daxili məsələləri, yanaşması və münasibəti var. Bu məsələ ilə bağlı kifayət qədər addımlar atılıb”,-deyə C. Məmmədov vurğuladı.
Nərmin VÜQARQIZI