Vahid Əhmədovdan İrana sərt REAKSİYA: "Nooldu, indi birdən-birə belə bəyanatla çıxış edirlər?"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının səfiri Əli Əlizadə dünən axşam saatlarında İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona xəbərdarlıq edilib.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan səfirinə xəbərdarlıq edilməsinə sərt reaksiya verdi. Millət vəkili qeyd etdi ki, İran 30 ildir Azərbaycan əleyhinə təbliğat aparır.
“Dünən bizim İrandakı səfirimizi Xarici İşlər Nazirliyinə dəvət ediblər. Xəbərdarlıq ediblər ki, guya Azərbaycan mətbuatında İran əleyhinə təbliğat aparılır. Niyə indi ayılıblar? 30 ildir Azərbaycan əleyhinə təbliğat aparırlar. Nooldu, indi birdən-birə öz söydaşlarımızı müdafiə etməli olduqda bunlar belə bir bəyanatla çıxış edirlər? Onlar kifayət qədər narahatdırlar. Buna görə də istəyirlər ki, içəridəki gərginliyi kənara çıxarsınlar. O cümlədən, Cəbrayılda Xudafərin körpüsü tərəfdən hərbi təlimlər keçirdilər. Ona cavab olaraq bizimkilər də yüksək səviyyədə təlimlər keçirdilər. Azərbaycan dövləti kifayət qədər güclü bir dövlətdir. Heç bir təhdidi və təhriki qəbul etmirik və edən də deyilik. Ona görə də, əgər İran dövləti Azərbaycan və Türkiyə ilə münasibətinin normal olmasını istəyirsə, daxilində öz problemini özü həll etməlidir və digər dövlətlərlə normal münasibət qurmalıdır", - deyə Vahid Əhmədov bildirdi.
Həmidə İbrahimova