Prezident bunu elan etməklə İrəvana sarsıdıcı zərbə vurdu - Musa Qasımlı

 13:22 11.11.2022     653

"Türk Dövlətləri Təşkilatının noyabrın 11-də Səmərqənddə keçirilən IX Zirvə görüşündə Prezident İlham Əliyev keçirdiyi ikitərəfli görüşləri və etdiyi tarixi nitqi ilə yeni bir tarix yaratdı. Dövlət başçısının nitqi üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yeni səviyyəyə çıxdığını bilmək və qarşıda dayanan hədəfləri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, birincisi, Prezidentin nitqində Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması vurğulanıb:

"İkincisi, bir daha elan edildi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu yol 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayıb. Dövlət rəhbəri böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malik olan 200 milyonluq türk dünyasının problemlərini və onların həlli üçün səylərin birləşdirilməsinin, əməkdaşlığı genişləndirməyin vacibliyini söylədi. Bildirdi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. O, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin və milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatdığını bildirdi. Gənc nəslin yaşadıqları ölkələrdə öz ana dilində təhsil almaq imkanının yaradılmasını gündəliyə gətirdi. Prezident İlham Əliyev Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin bu imkanlardan məhrum olduğunu beynəlxalq təşkilatın kürsüsündən səsləndirərək daim gündəlikdə saxlanılmasını və bu istiqamətdə lazımi addımların atılmasının vacibliyini bildirdi. Bəyan etdi ki, Azərbaycan dövləti acı taleyin hökmü ilə ondan ayrı düşmüş soydaşlarımızın dili, ənənələri və mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərini davam etdirəcəkdir.

Üçüncüsü, Qarabağın və Şərqi Zəngəzurun təcavüzkar Ermənistanın işğalından azad olunması üzərində dayanan Prezident bununla Azərbaycanın tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdiyini söylədi. Nitqdə işğalın ağır nəticələrinin, xüsusən məscidlərin dağıdılmasının söylənilməsi islamofobiyanın və türkofobiyanın Ermənistanın rəsmi ideologiyasının əsasını təşkil etdiyini beynəlxalq təşkilatın kürsüsündən elan etməklə İrəvana sarsıdıcı zərbə vurdu, mina terrorunu ifşa etdi.

Dördüncüsü, nitqdə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət yönəldildi. Bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi fəaliyyəti vurğulandı. Prezident digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi. Gördükləri işlərə görə Özbəkistan və Qazaxıstan prezidentlərinə təşəkkürünü bildirdi.

Beşincisi, dövlət rəhbəri İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatlar üzərində dayanaraq İrəvanın iyrənc təbliğatını darmadağın etdi. Bildirdi ki, Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıblar və Qarabağ münaqişəsi tarixdə qalıb".

Musa Qasımlının fikrincə, ümumilikdə, Prezident İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli nitqində dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi.

"Ən başlıcası, xarici ölkələrdə yaşayan 40 milyonluq azərbaycanlının hüquqlarının qorunmasını Türk Dövlətləri Təşkilatının başlıca hədəfləri kimi göstərərək böyük bir tarix yaratdı. Hədəf düzgün və aydındır. Müqəddəs bir yolun başlanğıcındayıq. Bu yolun da uğurla başa çatacağına inanırıq...", - deyə professor bildirdi.

Həmidə İBRAHİMOVA

Vumart və Güvən reklamı Vumart Güvən