"İranda olan 30 milyonluq azərbaycanlının taleyi Prezidentimizi çox narahat edir" - Deputat

 13:41 11.11.2022     555

“Dünya azərbaycanlılarının hüquqlarının qorunması məsələsi bugünkü məsələ deyil. Dünya azərbaycanlılarının hüquqlarının qorunması müstəqillikdən sonra, ulu öndər Heydər Əliyevin vaxtından bu məsələ gündəmdədir. Ulu öndər dünyanın hansı ölkəsinə səfərə gedəndə oradakı soydaşlarımızla görüşər, onların problemlərini dinləyərdi”.

Bu fikirləri Redaktor.az-a Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Görüşündə dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin müzakirəsi ilə bağlı danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı dedi. Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması yeni bir məsələ deyil:

“Möhtərəm prezidentimiz hətta dünya azərbaycanlılarının 2-ci qurultayında 50 milyonluq dünya azərbaycanlılarının prezidenti olduğunu vurğuladı. Bu, o deməkdir ki, Azərbaycan dünyanın harasında olursa-olsun hər bir soydaşımızın dövlətidir. Dünya azərbaycanlılarının hüquqlarının qorunması, onların taleyi ilə Azərbaycan dövləti olaraq maraqlanmaq hələ ulu öndərimizin vaxtından əsası qoyulan və möhtərəm prezidentimiz tərəfindən yüksək səviyyədə davam etdirilən siyasətdir. Bir sıra ölkələrdə Azərbaycan diasporunun nümayəndəlikləri var. Dövlətimiz bu məsələyə xüsusi diqqət yetirir”.

Deputat İranda baş verən hadisələrə də öz münasibətini bildirib:

“Heç birimiz bu məsələyə laqeyd qala bilmərik. Adi vətəndaşlar belə bu məsələ ilə bağlı çox ciddi narahatdır. Türk əsilli bacı-qardaşlarımız üçün çox narahatıq, buna görə də sözsüz ki, səsimizi çıxaracayıq. Möhtərəm prezidentimiz də Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amrayev ilə görüşdə bu məsələni çox doğru bir şəkildə gündəmə gətirdi. Belə bir məqamda İranda baş verən ədalətsizlik, insanlara, xüsusilə də Azərbaycan türklərinə qarşı haqsızlıq, zorakılıq heç kim tərəfindən qəbul oluna bilməz. Cənab prezident də öz fikirlərini dedi. Bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının növbəti Zirvəsidir və burada bütün türk dünyasında olan insanlar çox ciddi qərarlar qəbul edəcək. Əminik ki, gözəl nəticələr əldə olunacaq. Əlbəttə, burada müzakirə olunacaq məsələlər, İranda olan 30 milyonluq azərbaycanlının taleyi də bizi, Prezidentimizi çox narahat edir. Biz buna laqeyd qala bilmərik”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən