"Nə qədər atılıb-düşür düşsün, İranın vaxtı çatıb, 3 yerə parçalanacaq" - Aqil Abbas

 13:44 14.11.2022     770

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində növbəti əməliyyat keçirib.

Əməliyyat-istintaq tədbirləri nəticəsində İranın daha bir casus şəbəkəsi ifşa edilib, 5 nəfər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib.

Bəs İranın Azərbaycanda casus şəbəkəsi yaratmaqda marağı nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bildirdi ki, İran Azərbaycanın qüdrətli, regionda söz sahibi dövlət olmasını istəmir.

“İranın Azərbaycandan nə istədiyi aydın məsələdir. Onlar siyasi bir şiə dövləti yaradıblar. O, müsəlman dövləti deyil. Müsəlman ölkəsi olsa, ermənilərə heç nə verməzdi. Ona görə də, Azərbaycana narkotik maddələr keçirtməklə, camaatın başını dinlə bihuş etməklə, casus şəbəkələri yaratmaqla ölkəmizdə iğtişaş törətmək istəyir. İranın o qədər əmmaları var ki...

Keçən dəfə də DTX onların bir qrupunu aşkar etmişdi. Sağ olsun ki, DTX çox yaxşı işləyir. Yenə də casus şəbəkəsi aşkarlanıb. 5 nəfər dövlətə xəyanət maddəsi ilə həbs edilib. Amma onların sayı 5 deyil, 10 deyil. Azərbaycanda İranın yüzlərlə agenti var. Sosial şəbəkələrə baxsaq, görərik ki, İranın nə qədər agenti var. Kimliyindən asılı olmayaraq, İlham Əliyevin lehinə bir kəlmə söz deyən kimi, sosial mediada nə qədər adam həmin adamı söyür, təhqir edir, ağzına gələni yazır. Elə bu platformalardanca İran agenturası haqqında məlumat toplamaq olar. Bu elə də ciddi məsələ deyil. Bir var üzdə olanlar, bir də var gizlənənlər, xəlvətdə olanlar. O da sağ olsun DTX ki, bu agentlərin kimliyini ifşa edir”,-deyə deputat qeyd etdi.

İranın ölkəmizə qarşı təbliğat səbəblərindən danışan Aqil Abbas qeyd etdi ki, İranın ən böyük qorxusu parçalanmaqdır:

“İran Azərbaycana heç nə edə bilməz. Biz onlara kişi kimi yanaşırıq, onlara qarşı kişilik edirik. Amerika bizim vasitəmizlə İran ərazisinə nəsə etmək istəyirdi. Amma möhtərəm prezidentimiz qətiyyətlə bunun qarşısını aldı, belə bir şeyə icazə vermədi. Amma İran bunu etmir. İran bütün gücü ilə Azərbaycanda qarışıqlıq yaratmağa çalışır. İçəridə öz ölkəsi dağılır. Mətbuatda oxuyuram ki, parlamentdə 15 min adama edam cəzası tələb olunur. Avropa hüquqları, dünya hüquqları bu ölkədə keçmir. Bir qapalı ölkə keçmiş SSRİ kimi istədiyini güllələyir, istədiyini də buraxır. Ona görə də, xalq ayıq olmalıdır. Millət DTX, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməlidir. Şübhələndiyi adamlar barədə məlumat verməlidir. Dövləti qorumaq təkcə DTX-nın, prokurorluğun, DİN-nin işi deyil axı. Dövləti qorumaq həm də millətin işidir. Dövlətə qarşı xain mövqedə olanları dərhal ifşa etməlidir.

Nə qədər atılıb-düşür düşsün, İranın vaxtı çatıb. Cənubi Azərbaycanın öz dövlətini qurmaq uğrunda mübarizəsi dəfələrlə qaldırılıb. İrana dünya dövlətlərinin - Rusiyanın, Amerikanın köməyi ilə həmin üsyanlar, inqilablar yatırılıb. İran tezliklə parçalanacaq. Kürdüstan yaranacaq. Onlar çoxdan silahlanıblar, amma İran azərbaycanlıları silahsızdır, dinc nümayiş edirlər. İranda yaşayan kürdlərin hamısı silahlanıb. İran ilkin mərhələdə 3 yerə parçalanacaq. Ona görə qorxur. Həm də Azərbaycanın regionda böyük söz sahibinə çevrilməsi, İranın kölgədə qalması təbii ki, onlara pis təsir edib. Bütün məsələ budur”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən