“Qumda təhsil alan qızlara “siğə” təcavüzü edən zehniyyət mömin ola bilməz” - Deputat

 17:28 14.11.2022     458

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin növbəti casus şəbəkəsi ifşa edilib.

DTX-nın bu əməliyyatını şərh edən Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Redaktor.az-a bildirdi ki, İran İslam Respublikası xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyəti uzun müddətli və ardıcıl fəaliyyətdir.

“Ancaq çox təəssüf ki, bu fəaliyyətin qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülməyib. Olduqca təqdirəlayiq haldır ki, hazırda DTX bu istiqamətdə qətiyyətli addımlar atır və milli təhlükəsizliyimizi təhdid edən belə hallara qarşı mübarizəni hər gün bir qədər daha da gücləndirir. DTX-nın yaydığı məlumatdan aydın olur ki, İran kəşfiyyat orqanları ölkəmizin neft sektoru, xüsusi təyinatlı hərbi obyektləri, hərbi sənaye təsisatları, hava limanları kimi vacib strateji obyektləri hədəf seçməklə təhlükəsizliyimizə qarşı lazımlı hesab etdiyi vaxt ciddi zərbə endirə bilsin. Bu bir daha İranın Azərbaycana olan münasibətinin göstəricisidir. Üstəlik belə məlumatların üçüncü ölkələrə, məsələn Ermənistana ötürülməsi də istisna deyil”, - deyə deputat qeyd etdi.

H.Babaoğlu vurğuladı ki, İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı fəaliyyəti nə qədər çirkindirsə, bu fəaliyyət üçün onların seçdikləri metod və vasitələr ondan da çirkindir:

“Qum şəhərində ali dini təhsil almağa gedən bir mənəviyyat, inanc adamını casusa çevirmək dinsizlik və imansızlıqdır. İslamı öyrənmək istəyən bir müsəlmanı casusluq terroruna cəlb etmək İslamı təhqir etməkdir. Qoy buna görə İran xüsusi xidmət orqanları öz mömin vətəndaşlarına hesab versinlər. Onlar bu hesabı verməsələr İrandakı qardaşlarımız və dindaşlarımız bu hesabı onlardan soruşacaq. Ona görə də, İrana dini təhsil almaq üçün gedən vətəndaşlarımız belə qərar qəbul etməkdən çəkinməlidirlər. Qum şəhərində təhsil alan qızlarımıza qarşı “siğə” təcavüzü edən zehniyyət mömin ola bilməz. Bu, əslində islam mənəviyyatına edilən təcavüzdür. Ona görə də DTX-nın belə zəruri və olduqca vacib əməliyyatları dövlətimiz və xalqımız tərəfindən yüksək təqdirlə qarşılanır”.

Nərmin VÜQARQIZI