“İranın taleyi həll olunub, Güney Azərbaycan müstəqillik qazanacaq” – Fərəc Quliyev

“İran bir imperiyadır və təbii ki, nəticə olaraq o da başqa imperiyalar kimi dağılmağa məhkumdur. Bunun başqa bir yolu yoxdur”.
Bunu Redaktor.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyev İranın parçalanaraq bir neçə dövlətə bölünməsi iddiaları ilə bağlı fikirləri şərh edərkən dedi. O bildirdi ki, İranın neçə dövlətə parçalanacağını indidən söyləmək doğru deyil.
“Çünki orada müxtəlif cərəyanlar var. Məsələn, birincisi, İranın bütöv götürülməsi və rejiminin dəyişdirilməsidir. İkincisi, orada olan bütün azlıqların bir federasiya yaratmasıdır. Digər istiqamət isə Güney Azərbaycanın ayrılmasıdır. Mən də bunu istəyirəm. Orada başqa xalqlarla mübarizə aparırlar. Söhbət ondan gedir ki, Azərbaycan üçün ən uyğun olanı Güney Azərbaycanın istiqlaliyyət qazanması, müstəqil olmasıdır. Bunun ardınca isə Azərbaycanın referendum və ya başqa bir yol ilə özünün birliyini təmin etməsi bir başqa məsələdir. Amma bütün hallarda İranın artıq taleyi həll olunub. İran özünün son çırpınmalarını edir. Orada milli azadlıq hərəkatı da vüsət alacaq. Hesab edirəm ki, buradan geriyə yol yoxdur. Azərbaycan türkləri xüsusən bu məsələni sona çatdırmaq üçün əllərindən gələni edəcəklər. Və bu məsələlərdə İranın parçalanması mütləq olacaq. Onun hansı subyektlərə ayrılacağı isə gələcəyin işidir.
Bölgədə əsas olan ideya Güney Azərbaycanın istiqlalıdır, Pişəvəri dönəmində mövcud olan hakimiyyətin bərpasıdır. Əsas aparıcı xətt budur. Hesab edirəm ki, nəticə olaraq Güney Azərbaycan müstəqilliyini qazanacaq”, - deyə keçmiş deputat vurğuladı.
Nərmin VÜQARQIZI