“Bu qətnamənin Azərbaycana heç bir təsiri olmayacaq” – Tofiq Zülfüqarov
Xəbər verdiyimiz kimi, Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif olunub.
Məsələ ilə bağlı Redaktor.az-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, bu, Fransanın müstəqillik əldə etdiyimizdən bəri bizə qarşı olan düşmənçilik münasibətidir. Bu düşmənçilik əvvəllər qapalı aparılırdısa, son 2 ildə aşkar hiss olunur.
“Təbii ki, Azərbaycan tərəfi etiraz notası verdi. Buna cavab olaraq, Fransa həmişəki kimi deyəcək ki, xarici siyasəti müəyyən edən icra hakimiyyətidir. Qanunverici hakimiyyət sadəcə olaraq, məsləhət şəklində bəyanatlar verir. Bu baxımdan onların bizə nə cavab verəcəyi indidən məlumdur. Çünki bu nə birinci, nə də sonuncu qərar deyil. Onun siyasi nəticələri Fransanın qanunvericiliyinə də uyğun olaraq aparılacaq. Amma qanuni baxımdan bu qətnamənin Azərbaycana heç bir təsiri olmayacaq. Lakin bizim üçün də çox maraqlı bir sənəddir. Çünki açıq şəkildə görürük ki, Fransanın planları nədən ibarətdir”, - deyə keçmiş nazir vurğuladı.
T. Zülfüqarovun fikrincə, Azərbaycan birmənalı olaraq Fransanın Ermənistanla münasibətlərimizə müdaxiləsini və "vasitəçilik" siyasətini qəbul etməyəcək:
“Bundan sonra da iki dövlət arasında hansısa münasibətlər ola bilər, amma bu məsələdə Fransa birmənalı olaraq Azərbaycan üçün öz mövqeyini itirdi. Digər tərəfdən isə Avropa İttifaqının da vasitəçilik cəhdlərinə məhdudiyyət qoymalıyıq. Çünki Fransa orada dominant güc kimi görünür.”
Nərmin VÜQARQIZI












