"Fransa Senatı erməni lobbisinin təsiri altında siyasət aparır" - Aydın Quliyev

“Senatın bu qətnaməsi ilə Fransanın dövlət siyasətində anti-azərbaycançılığın dönməz bir xarakter aldığını əyani sübut elədi. Bir daha bəlli oldu ki, Fransanın müxtəlif dövlət orqanları və birinci növbədə də parlament büsbütün erməni diasporunun və lobbisinin təsiri altındadır.”
Redaktor.az xəbər verir ki, bu fikiləri siyasi-şərhçi Aydın Quliyev Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Fransa parlamentinin fəaliyyət istiqamətlərini əsasən erməni lobbisi müəyyənləşdirir:
“Bu o deməkdir ki, Fransanın senatı fransız senatından, parlamentindən daha çox erməni parlamentidir. Çünki erməni diasporunun və erməni lobbisinin təsiri altında olan parlamentdən əslində başqa qərarlar gözləmək də mümkünsüzdür. Fransa Senatı buna bənzər qətnaməni hələ iki il əvvəl, 2020-ci ilin noyabrında Vətən Müharibəsinin davam etdiyi günlərdə də qəbul edib. Bir şeyə diqqət etmək lazımdır ki, o zamanda səs vermədə iştirak edən 300 nəfər deputatın yalnız 1 nəfəri bu qətnamənin əleyhinə səs vermişdisə, bu gün də 296 deputatın yalnız 1 nəfəri qətnamənin əleyhinə səs verib. Bu o deməkdir ki, fransız senatı həqiqətən 99 faiz erməni lobbisinin və erməni diasporunun təsiri altında siyasət aparır. Anti-azərbaycançılıq siyasətinin xüsusilə də prezident Makronun dövründə güclənməsi o deməkdir ki, erməni lobbisi və mafiyası fransız dövlətinin, hətta dövlət başçısının siyasətini belə yönəltmək gücünə malikdir. Artıq Fransadan bizim bölgəmizdə gedən proseslərlə bağlı heç bir obyektiv yanaşma, ədalətli, balanslı münasibət gözləmək mümkün deyil. Neçənci dəfədir ki, bizim bu faktlarla rastlaşmağımız ciddi nəticələr çıxarmaq üçün əsasdır. Azərbaycan dövləti ən yüksək səviyyədə Makronun dövründə baş verən bu hadisələrə öz prinsipial münasibətini bildirib"
A.Quliyev onu da vurğuladı ki, əgər Fransanın bu düşmənçilik addımları davamlı xarakter alırsa, Azərbaycanın cavabları davamlı olmalıdır. Məsələn, artıq Azərbaycanın iqtisadi və investisiya sektorunda fransız kapitalının iştirakı ilə bağlı məsələyə yenidən baxmaq və buna korreksiya etmək vaxtı çatıb.
"Eyni zamanda Azərbaycan parlamenti fransız parlamentindən fərqli olaraq 100 faiz milli dövlət maraqlarımıza köklənərək siyasət aparır. Və Azərbaycan Milli Məclisində Fransanın bəzi siyasət kursları, addımları ilə bağlı qərar və qətnamələrin, rəsmi bəyanatların qəbul olunması vaxtı yetişib. Bilirik ki, Fransa 19-cu əsrin ortalarından başlayaraq 20-ci əsrin axırlarına qədər, Afrikanın bəzi ölkələrində, o cümlədən Ruandada, Əlcəzairdə dəhşətli qətliamlar törədib. Hətta Əlcəzairdə qətliamın törədilməsində birbaşa iştirakçı olmuş şəxs Mitteran sonradan gəlib Fransanın prezidenti seçildi. Və bunu biz yox, Əlcəzairdəki həmin genosidin törədildiyi illərdə Mitteranın ədliyyə naziri olarkən onun köməkçisi olmuş şəxs ayrıca bir kitab şəklində bütün dünyaya car çəkdi. Ona görə Azərbaycan Milli Məclisində cavab olaraq Fransanın Ruanda və Əlcəzairdə törətdiyi qətliamlarla bağlı qətnamələrin və rəsmi bəyanatların qəbul olunması çox təsirli addım olardı. Əlbəttə, bütün bunlarla Fransanı anti-azərbaycançılıq siyasətindən döndərməyin tam şəkildə mümkün olacağını da iddia etmək fikrində deyiləm. Hər halda Fransada müəyyən dairələr görməlidir ki, Azərbaycanın da belə məqamlarda deməyə sözü var.”
Həmidə İbrahimova