"Fransızlarla belə davranmasaq, üzərimizə gəlməyə davam edəcəklər" - Konfliktoloq

 19:19 17.11.2022     438

“Fransanın bizə münasibəti yalnız bu gün formalaşmış bir məsələ deyil. Hələ 1993-cü ildə BMT qətnamələri qəbul olunan vaxtı lap kəskin şəkildə yazılmışdı ki, Ermənistan işğalçı dövlətdir. İndi ən mübahisəli məsələlərdən biri odur ki, niyə orada Ermənistan işğalçı dövlət kimi tanınır? Həmin vaxt BMT-nin bizdə daimi nümayəndəsi olan Mahmud Ərsəid və ekspertlərin hazırladıqları ilkin variantda Ermənistan təcavückar dövlət kimi qeyd olunmuşdu. Onda da həmin qətnamələr qəbul olunanda Fransa öz mövqeyini açıq şəkildə göstərmişdi. Və dedilər ki, əgər Ermənistan o qətnamədə  təcavüzkar dövlət kimi əksini tapsa, biz qətnamənin qəbul olunmasına imkan verməyəcəyik və veto hüququndan istifadə edərək qətnaməyə veto qoyacağıq.”

Redaktor.az xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin dosenti, konfliktoloq Kərəm Məmmədov Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Fransanın Azərbaycana qarşı qətnamə qəbul etməsi bu gün formalaşmış münasibət deyil:

"Fransa münaqişənin əvvəlindən bizə qarşı qərəzli, birtərəfli mövqeyini əvvəldən də nümayiş etdirirdi və sonrakı vaxtlarda da göstərir. O qətnamənin qəbul olunmasına səs verən dövlətlərdən biri, BMT-nin 5 daimi üzvlərindən biri məhz Fransa idi. Hansısa biri o qətnamələrin icra olunması ilə bağlı bir dəfə bir məsələ qaldırdılarmı? Qaldırmadılar. Heç olmasa özlərinin səs verib qəbul etdikləri qətnaməyə öz səslərinə hörmət əlaməti olaraq kağız üzərində bir iki dənə bəyanat formasında çıxış edərdilər ki, bu qətnaməyə biz səs vermişik niyə icra olunmur? Etmədilər. Həmçinin Fransanın Qafqazda özünün dövlət maraqları var. İndi hamı yozur ki, senatda qəbul edilən sonuncu qətnamə erməni lobbisinin təsiridir. Düzdür, erməni lobbisinin müəyyən dərəcədə təsiri var. Amma əslində bu Fransanın öz dövlət siyasətinin əsas hissəsidir. Dünyanın 5 böyük dövlətindən biri hesab olunan bir dövlət 500 min erməni əhalisinin əlində oyuncaqdır? Yəni bu sadəcə olaraq dövlətin özünün əsl məqsədini, mahiyyətini ört-basdır etmək, pərdələmək üçün bəhanədir ki, erməni lobbisi burada çoxdur, onların təsiri ilə deputatlar belə bir qərar qəbul ediblər və yaxud hökümətə təsir göstərirlər. Onda sənin hökümətin müqəvvadır. Fransanın əsl dövlət siyasəti budur. “

Kərəm Məmmədov hesab edir ki, Fransanın məqsədinin bir hissəsi Azərbaycanın timasılanda Türkiyəyə təsir göstərməkdir. O, qeyd etdi ki, Azərbaycan digər dövlətlər kimi Fransa ilə normal münasibət saxlayır.

"Amma Fransa bu addımları atmaqla olan-qalan münasibətlərimizi də korlayır. Biz Fransanın keçmiş prezidenti Sarkozinin vaxtında Fransız-Azərbaycan məktəbi açmaq, mədəni-siyasi əlaqələri inkişaf etdirmək üçün ancaq irəliyə doğru addım atmışıq. Amma nəticəsi nə oldu? Fransanın mövqeyi dəyişmədi. Bu gün Fransa tam birtərəfli mövqe tutur və erməniləri ədalətsizcəsinə müdafiə edir. 30 il müddətində bizim bütün mədəni irsimizi ermənilər məhv edib. İşğal olunmuş ərazilərdə dövlət səviyyəsində keçirilən tədbirlərə Fransa dəvət olunsa da, getmədilər. Atdıqları addımla əsl simalarını göstərdilər. İkinci bir məsələ odur ki, Cənubi Qafqazda bu addımları atmaqla çalışırlar əlavə imtiyaz kimi nəsə qopartsınlar. Amma bu gedişatla, bizə təzyiq göstərməklə ona nail ola bilməyəcəklər. Dünən parlamentdə həm müraciət, həm də Azərbaycan Hökümətinə olan müraciət, sonda da qəbul olunan tövsiyələr çox yerində atılmış addımdır. Çünki onlarla belə davranmasaq, atdıqları addımlara münasib şəkildə adekvat cavab verməsək, onlar bizim üzərimizə gəlməyə davam edəcəklər. Necə bizə münasibətdə addım atırlar,  o formada da cavabları verilməlidir. Tamam münasibətlərin kəsilməsi məsələsinə gəlincə, tam şəkildə inanmıram ki, elə bir vəziyyət yaransın. Çünki ən pis halda səfirlərin geri çağırılması səviyyəsinə gəlib çıxa bilər. Münasibətlərin kəskin şəkildə kəsilməsi baş verməyəcək”, - deyə konfliktoloq bildirdi.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən