Deputat Mişustinin Azərbaycana səfərindən DANIŞDI

 17:57 18.11.2022     463

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.

Rusiya baş nazirinin ölkəmizə səfəri ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq üçün çox mühüm perspektivləri var. Onun sözlərinə görə, Rusiyanın baş nazirinin Azərbaycana səfəri gözlənilən idi:

"Şimal qonşumuz olmaqla yanaşı istehsal etdiyimiz kənd təsərrüfatı məhsullarını ixrac edən mühüm coğrafiyadır. Müxtəlif sahələrdə iki ölkə iqtisadiyyatının qarşılıqlı şəkildə inteqrasiyası mövcuddur. Rusiya bizim vacib ticarət tərəfdaşlarımızdan biridir. Nəzərə almaq lazımdır ki, 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında münasibətlər tamamilə yeni bir səviyyəyə qalxdı. Bu imzalanan qanun iki ölkə arasında birgə fəaliyyət haqqında sənəd idi və sadəcə hərbi, siyasi deyil, həm də iqtisadi münasibətlərin yeni səviyyəyə qaldırılmasını şərtləndirdi. Eyni zamanda bilirik ki, Rusiya Federasiyasının bir sıra vilayətlərinin bizimlə əməkdaşlığı var. Rusiya o qədər böyük coğrafiyadır ki, iqtisadi münasibətlərin potensialını təsəvvür etmək belə bir qədər mürəkkəbdir. Ona görə ki, Azərbaycanda istehsal olunan müxtəlif təyinatlı malların bu vilayətlərə ixracı məsələsi də çox aktualdır".

Deputat qeyd etdi ki, Rusiyanın ayrı-ayrı regionları ilə Azərbaycanın müxtəlif səviyyələrdə əlaqələri var.

"Bütün bunların üzərinə əgər tarixən formalaşan humanitar-mədəni əlaqələri də gəlsək, görəcəyik ki, iki ölkə münasibətləri qarşılıqlı şəkildə hər iki dövlətin maraqlarına uyğundur və bu münasibətlərin daha da dərinləşməsi aktualdır. Buna görə də, düşünürəm ki, Rusiyanın baş nazirinin nümayəndə heyəti ilə geniş tərkibdə Azərbaycana səfəri, Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi bir daha qonşu ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir”, - deyə H.Babaoğlu bildirdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən