Heydər Əliyevin yaratdığı partiya davamlı inkişafın təminatçısıdır

 12:05 19.11.2022     439

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət kimi meydana çıxıb. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşaması perspektivini sual altında qoymuşdu.

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.  91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirməyə nail oldular. 

Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən məqsədi dövlətimizin müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat yaratmaqdan ibarət olmuşdur. Partiyamız 30 ildə öz məqsədlərinə uyğun olaraq fəaliyyət göstərmişdir.

Ulu Öndər Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi və dediyi kimi partiyamızı “dünənin, bu günün və gələcəyin partiyası” səviyyəsinə yüksəltdi.  Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadı.

Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək.

Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının Sədr müavini

 

 

Vumart və Güvən reklamı Vumart Güvən