Deputatdan Vilayətinin “Azərbaycan xalqı gözümüzün nurudur” sözlərinə REAKSİYA

“Əli Əkbər Vilayətinin “Azərbaycan xalqı bizim gözümüzün nurudur” açıqlamasını İran hakimiyyətində olan çoxtirəlilik kimi dəyərləndirirəm. Çünki İranda Vilayəti də daxil olmaqla bir qrup ağıllı insanlar başa düşürlər ki, bu qədər bölgədə düşmən qazanmaq İranın bütövlükdə ziyanınadır. Xüsusilə də Azərbaycan dura-dura hansı axmaq bir düşüncə sahibi gedib oturar Ermənistanın yanında və deyər ki, "Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir və Azərbaycana düşmənəm". İndiyə qədər İran siyasətində bunu etmirdilər. Düzdür, altdan-altdan ermənilərə dəstək verirdilər, Qarabağı birlikdə talan edirdilər. Amma bir dəfə gördünüzmü Azərbaycanın ərazi bütövlüyünü hansısa şübhə altına salsınlar və Azərbaycana qarşı açıq mətnlə bir şey yağdırsınlar? Yox. Bu, demək müəyyən dərəcədə hansısa mərkəzdənqaçma bir fəaliyyətdir".
Radaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Qafqazdakı hadisələr, İran və Azərbaycan əlaqələri ilə bağlı qeydlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İranın ölkəmizə qarşı təbliğatı əslində bizə xeyir verdi.
“İranda bir sıra naşı adamların yeni bir siyasət icadıdır ki, necə edək Azərbaycanla münasibəti pozaq? Və belə bir vəziyyətdə diqqət edək nəyə gətirib çıxartdılar? Əslində bizə xeyir etdilər. Çoxdan biz deyirdik ki, İsraildə səfirlik açaq. Qonşuluğa görə bir az İranı nəzərə alırdıq. İndi almadıq. Nooldu? Dünya dağıldı? Ona görə də İran ağıllı yol tutmadı. Vilayəti də əslində köhnə diplomatlardan biri kimi baxır ki, bu tendensiya İran üçün çox acınacaqlı bir istiqamətə yönəlir. Yəni hamı ilə düşmən olan bir sitiuasiyada İran nə edə bilər? İran böyük bir problemlər yaşamış olacaq. Ona görə də, bu məsələdə məncə, daha diqqətli olunmalıdır və bizim də əslində İranla bağlanan bir problemimiz yoxdur. Amma bu məsələdə İranın hər halda belə bir davranış sərgiləməsi Azərbaycanı çox incidib. Azərbaycan da haqlı olaraq xarakterli, qətiyyətli dövlət kimi hər hansı dövlətin qarşısında geri çəkilmək niyyətində deyil. Ermənistanın himayəsi İrandan da böyükdür. İrandan da böyük Ermənistana nökərçilik etmək istəyən ölkələr var" - deyən Fazil Mustafa qeyd etdi ki, Amerika Birləşmiş Ştatlarından tutmuş bir çoxları, Rusiya və digərləri Ermənistan məsələsində ömür boyu dəstək veriblər:
“Amma belə bir vəziyyətdə Azərbaycan geri çəkilməyib. İndi də geri çəkilmək niyyəti yoxdur. Ona görə də İranın birdən-birə durub gəlib burada hoqqa çıxarmağı təbii ki, bizim tərəfimizdən yaxşı qarşılana bilməz. Və biz də bu məsələdə İrana qarşı öz sərt mövqeyimizi haqlı olaraq davam etdirmək niyyətindəyik. Çünki bu yumşalma olacaqsa, təbii ki, bizim tərəfimizdən də yumşalma olacaq. Amma bizi hansısa bir şəkildə özünün anormal siyasətinə qurban vermək və yaxud da müəyyən dərəcədə özünü etibarsız qonşu vəziyyətinə gətirib çıxarmaq yaxşı hal deyil. Ona görə də, Vilayəti də dediyim kimi, hakimiyyət içində görünür ki, müəyyən dərəcədə ağılla ölçüb-biçən, prosesləri anlamağa çalışan qüvvələrin təmsilçisi kimi ifadə edib. Biz də bunu normal qarşılayırıq. Bu kursun davam etməsi əslində İranın da xeyrinədir, bizim də xeyrimizədir. Çünki xüsusi bir düşmənçilik aparmaq niyyəti olmayan, bunu göstərməyən qüvvələrlə, qonşularla maraqlı deyilik ki, hər hansı bir münasibətlərimiz pozulsun. Bizi məcbur etmədikcə, biz buna gedmirik"
Həmidə İbrahimova