Dövlət qulluqçusu partiya üzvü olmalıdırmı? - Əli Hüseynlidən AÇIQLAMA

 14:29 23.11.2022     161

Dövlət qulluqçularının siyasi partiya üzvü olub-olmaması məsələsinə aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı ilə bağlı keçirilən brifinqdə deyib ki, bu gün dövlət qulluqçuları həm də siyasi partiyaların üzvü ola bilərlər:

“Hesab edirəm ki, bunun düzgün həll yolunu tapmışıq. Kimlərin siyasi partiyaların üzvü ola bilməməsi yeni qanun layihəsinin 20.5-ci maddədə göstərilib. Lakin dövlət vəzifələrini icra etdiyi vaxtda siyasi partiyaların fəaliyyətində iştirak etməməsi məsələsi var. Dövlət qulluqçusu siyasi partiyanın üzvüdür, amma vəzifəsinin icrası ilə bağlı onun siyasi dünyagörüşü ziddiyyət təşkil etməməlidir.

Hər kəsə bəllidir ki, dövlət qulluqçuları “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun fəaliyyət göstərir və and içirlər. Niyə dövlət qulluqçusu öz vəzifə səlahiyyətlərini yerinə yetirdiyi dövr istisna olarkən hansısa siyasi dünyagörüşünün daşıyıcısı olmalı deyil və siyasi partiya üzvü olmamalıdır?! Çalışacağıq ki, plenar iclasa qədərki müzakirələrdə hüquqşünaslar bu fikirlərdə ortaq məxrəc əldə edək” (report).