Azərbaycanda uzun illərdir sabitlik mövcuddur - İlham Əliyev

 11:00 25.11.2022     132

Bu konfrans bizə regionun reallıqlarını, Azərbaycanın planlarını və qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək.

Redaktor.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, bugünkü konfransın əsas mövzusu Orta Dəhliz olsa da, iştirakçıları nəzərə alsaq, biz, həmçinin siyasət, təhlükəsizlik və iqtisadiyyat məsələlərini də müzakirə edəcəyik.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin - Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir:

"Beş il əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. Biz bu gün ölkəmizdən keçən tranzit yüklərin həcminin artdığını müşahidə edərək Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan seqmentinin genişləndirilməsinə investisiya yatırmağa başladıq".

Prezident bildirib ki, Azərbaycanda uzun illərdir sabitlik mövcuddur və bu, iqtisadi inkişafımızın əsas amillərindəndir.

Dövlətimizin başçısı əlavə edib ki, güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik, hökumətimizin yürütdüyü proqnozlaşdırılan siyasət – bütün bu amillər və çoxsaylı dövlətlərlə sıx münasibətlərin qurulması bugunkü reallığın yaradılmasına kömək edib.