"İqtidar siyasi partiyaların inkişafının tərəfdarıdır" - YAP-çı deputat

 17:47 25.11.2022     195

"“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi olduqca vacib məqamları ehtiva edir. Əvvəla onu demək lazımdır ki, vaxt keçdikcə bütün sahələr üzrə dəyişikliklər baş verir. Yeniliklər müasir dövrün çağırışları ilə uyğunlaşmaq məqsədi daşıyır və zamanın tələbidir. Sözügedən qanun layihəsi də bu qəbildən olan əhəmiyyətli sənəddir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.

"Son zamanlar baş verən siyasi prosesləri analiz etsək Azərbaycanda yeni siyasi mühitin yarandığını aydın şəkildə görərik. Mövqeyindən asılı olmayaraq bütün siyasi partiyalar üçün bərabər şərait yaradılır. Dövlət bu institutun inkişafı üçün müxtəlif addımlar atır. Onların ölkənin siyasi həyatında rol oynaması üçün ciddi dəstək verilir. Bu ölkədə formalaşan sağlam, demokratik mühitin bariz nümunəsidir. Bütün sahələr kimi siyasi partiyaların fəaliyyəti də ölkə rəhbərliyinin dəstəyindən yan keçməyib. Siyasi partiyalarla münasibətə nəzər salanda Konstitusiya və beynəlxalq hüquqa tam şəkildə riayət olunmasını görürük. Başqa formada desək, Azərbaycan dövləti siyasi partiyalara davamlı dəstək göstərməkdədir və onların fəaliyyətinə heç bir əngəl yoxdur. Bir neçə gün əvvəl hakim Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyiniə həsr olunmuş mötəbər tədbirə siyasi partiya rəhbərlərinin də dəvət olunması da siyasi mühitin yüksək səviyyədə olmasından xəbər verir. Ümumilikdə, Azərbaycanda iqtidarın siyasi partiyalara münasibətdə sərgilədiyi mövqedə nümunələr çoxdur", - deyə deputat qeyd edib.

Ş.İsmayılov vurğulayıb ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında ictimaiyyət nümayəndələri və siyasi partiyaların cəlb edilməsi hər kəsə bəllidir. Onun sözlərinə görə, bu, özülyündə demokratik proseslərin göstəricisidir:

"Siyasi partiya nümayəndələrinin də iştirakı ilə 2 dəfə dinləmələr keçirilib. 47 siyasi partiyanın nümayəndələri 250-dən çox təklif səsləndirib. İnternet mediasında səsləndirilən müxtəlif fikirlər də incələnib. Heç bir fikir diqqətdən kənarda qalmayıb. Nəticədə 66 dəyişiklik edilib. Bu dəyişikliklər siyasi partiyaları narahat edən məqamları aradan qaldırmaq məqsədilə edilib. Dəyişikliklər partiyanın təsisçiləri və üzvlərlə bağlı tələblər, reyestr, qeydiyyatın etibarsız sayılması və bir sıra digər məqamları əhatə edir. Müxtəlif formalarda edilən dəyişikliklər məhz maraqlı tərəflərin təklifləri nəzərə alınaraq ərsəyə gətirilib. Bu sənəd ilkin olaraq müəyyən dairələrdə narahatçılığa səbəb olsa da, əslində siyasi partiyaların inkişafına, son zamanlar yaradılmış yeni siyasi konfiqurasiyanın davamlılığına hesablanıb. İqtidar siyasi partiyaların inkişafının və onların ölkənin siyasi həyatında mühüm rol oynamasının tərəfdarıdır. Atılan addımlar da bunun bariz nümunəsidir".

Həmidə İbrahimova