Ziyafət Əsgərovdan hökumətə müraciət: "Fransa ilə münasibətlərə yenidən baxılsın”

 11:43 01.12.2022     869

Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Ölkə parlamentinin aşağı palatasında “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən sənəd yekdilliklə qəbul olunub. 256 deputat qətnamənin lehinə səs verib.

Xatırladaq ki, bundan bir müddət öncə isə Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, bu, senatın qəbul etdiyi qətnamənin demək olar ki, astar üzüdür.

“Yenə həmin koordinat, həmin dalğa. Sözsüz ki, Fransa Milli Assambleyasının qəbul etdiyi bu qətnamə, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılmasına və sülh müqaviləsi imzalanmasına xidmət etmir. Əlbəttə ki, bu, təxribat xarakterli qətnamədir. Çünki təxminən 25 il ərzində Fransa Minsk qrupunun həmsədrlərindən biri olub və məsələnin nizama salınmasında heç bir fəaliyyət göstərməyib. Bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Amma suyu bulandırmaqdan başqa bir şey deyil və beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir. Qətnamə başdan ayağa yalan, iftira ilə doludur və senatın qəbul etdiyi qətnamədən demək olar ki, köçürüblər bura. Bunu da deyim ki, həm Senatda, həm Milli Assambleyada belə qətnamələrin qəbul olunması Fransa hökumətinin mövqeyidir. Düzdür, Fransa Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayacaq ki, bu hökumətin mövqeyi deyil, amma əslində bu qətnamə elə hökumətin mövqeyidir. Amma hər bir halda bu sənəd bizim üçün heç nə ifadə etmir. Sadəcə olaraq, Fransanın iç üzünü bir daha açıb göstərdilər", - deyə komitə sədri qeyd etdi.

Ziyafət Əsgərov əlavə etdi ki, Fransa Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı deyil:

"Bir daha sübut olundu ki, Fransa parlamenti həm erməni lobbisinin, həm də müəyyən təşkilatların girovuna çevrilib. Həm Senatın, həm də Milli Assambleyanın qətnamələrinin ancaq və ancaq təxribat xarakterli olduğunu deyə bilərik. Bir daha qeyd edirəm ki, bu qətnamənin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çox təəssüf ki, Fransa bunu başa düşmür. Keçən dəfə Senat qətnamə qəbul edəndə Azərbaycan parlamenti də bununla bağlı bəyanat qəbul etdi, bu məsələni kəskin şəkildə pislədi, hökumətə də səsləndik ki, müəyyən məsələlər, Fransa siyasəti ilə bağlı həm iqtisadi, həm siyasi məsələlərə yenidən baxılsın. Mən bir daha hökumətimizə müraciət edirəm ki, bu məsələlərdə Fransa ilə münasibətlərə yenidən baxılsın”.

Komitə sədri vurğuladı ki, Ermənistan və Fransa eyni xislətə malik olan dövlətlərdir:

“Əgər Senatın qətnaməsi ilə bağlı Milli Məclisin qəbul etdiyi bəyanata baxsaq, orada təkcə Əlcəzair deyil, Tunis, Cibuti, Vyetnam və digər ölkələrdə kifayət qədər qətliamlar törədiblər. Əslində belə çıxır ki, Fransa ilə Ermənistanın xislətində bir oxşarlıq, uyğunluq var. Çünki onlar müxtəlif ölkələrdə qətliamlar, genosidlər törədiblər. Ermənistan isə Azərbaycan ərazisində - Qarabağda Xocalı soyqırımını törədib. Bunlar xislət etibarı ilə eyni insanlardır”.

Parlamentarinin fikrincə, Fransanın bu cür mövqe göstərməsinin bir neçə səbəbi var.

“Fransanın birinci marağı ondan ibarətdir ki, orada səs verən insanlar erməni lobbisi tərəfindən pul ilə ələ alınırlar. İkincisi, Fransa Qafqazda Azərbaycanın güclənməsini istəmir və hər cür yol ilə bölgəyə soxulmağa çalışır. Halbuki Fransa 25 il ərzində Minsk qrupunun həmsədrlərindən biri olduğu müddət ərzində həmin problemin həlli ilə əlaqədar heç bir fəaliyyət göstərmədi. Fransanın məqsədi ondan ibarətdir ki, burada Ermənistanı müəyyən qədər dirçəltsin, regiona daxil olsun və bölgədə həmişə gərginlik olsun. Başqa məqsədi yoxdur, amma heç bir məqsədinə çata bilməyəcək”, - deyə Ziyafət Əsgərov bildirdi. 

Nərmin VÜQARQIZI