"Çox çalışırlar ki, Ermənistana kömək etsinlər, amma artıq məsələ bitib" - Vahid Əhmədov

 13:38 01.12.2022     613

“Bu, Fransanın ilk belə qətnaməsi deyil. Belə bəyanatları hər zaman olur. Fikir verirsinizsə, Fransa həmişə Ermənistanı müdafiə edib, bizim haqq səsini dünyaya çatdırmağımıza mane olan ölkələrdən biri olub. İndi də belə bir qətnamə qəbul ediblər”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul olunan qətnaməyə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, fransızlar Azərbaycanın qələbəsini həzm edə bilmir.

“Azərbaycan Ermənistana təcavüz etməyib, tam əksi olub. Hətta torpaqlarımızın 20 faizini işğal edib. Həmçinin bir milyondan çox qaçqınımız var. İndi Azərbaycan 44 günlük müharibədə qələbə qazanıb, torpaqları işğaldan azad edib və bunu da bəziləri qəbul etmək istəmir. Fransa Azərbaycanın bu qələbəsini həzm edə bilmir. Amma xeyri yoxdur. Azərbaycanın dövlət başçısı da, Milli Məclis də bunla əlaqədar öz sözünü deyib. Keçən dəfə də Milli Məclisdə Fransanın qərarı ilə bağlı bəyanat qəbul etmişik. Ona görə də, bunlar hamsı boş, xülya söhbətlərdir. Çox çalışırlar ki, Ermənistana kömək etsinlər, amma artıq məsələ bitib. Cənab Prezidentin də dediyi kimi "Qarabağ Azərbaycandır!" və burada başqa bir söhbət gedə bilməz”, - deyə deputat qeyd etdi.

V.Əhmədov əlavə etdi ki, Azərbaycan bu məsələlərdə hər zaman adekvat cavab tədbirləri görüb və görəcək:

“Dövlət tərəfindən müəyyən tədbirlər həmişə görülür. Xarici İşlər Nazirliyi, dövlət başçısının xarici məsələlər üzrə müavini Hikmət Hacıyev bu barədə fikirlərini bildirib. Yəqin ki, sonrakı dövrdə də dövlət qurumları tərəfindən gərəkli addımlar atılacaq”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən