"Fransızların insanlığa qarşı törətdiyi cinayətlər ifşa olunmalıdır" - Deputat
Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Ölkə parlamentinin aşağı palatasında “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən sənəd yekdilliklə qəbul olunub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərarın heç bir təsiri olmayacaq:
“Mən əminəm ki, məlum qətnamə Ermənistan parlamentində müzakirə olunsa idi, ona heç olmasa iki nəfər səs verməzdi, bir nəfər bitərəf qalardı. Amma Fransa Senatında yekdilliklə, hamı bir nəfər kimi Azərbaycan əleyhinə olan qətnaməyə səs verir. Bu Fransada mövcud olan irqçiliyin, islamafobiynın göstəricisidir. Ona görə də məncə, Fransa cəmiyyəti özü bu barədə düşünməlidir. Çünki Senatın Azərbaycana qarşı qəbul etdiyi qərarın heç bir təsiri olmayacaq və heç bir hüquqi öhdəçilik yaratmayacaqdır. Sadəcə bu fransız senatının özünü ifaşısıdır".
Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsinə qarşı ölkəmiz tərəfindən hansı cavab tədbirləri görüləcəyi barədə suala gəlincə, deputat qeyd etdi ki, Azərbaycan bu gün multiregional siyasət həyata keçirən, beynəlxalq münasibətlər sistemində nüfuzlu dövlətdir.
"Azərbaycan bu gün Qoşulmama Hərəkatına rəhbərlik edir. Və düşünürəm ki, dünyada insanlığa qarşı baş vermiş cinayətlərlə bağlı məsələləri Azərbaycan parlamenti öz gündəminə ala bilər. Xüsusən Əlcəzairdə, Ruandada, Şimali Afrikanın digər ölkələrində fransızların insanlığa qarşı törətdiyi cinayətlər ifşa olunmalıdır. Fransa Senatı bunu bilməlidir ki, onların əcdadları hansı cinayətləri törədiblər və necə irqçi olublar. Onlar da həmin o irqçilərin davamçılarıdır. Ona görə də mən düşünürəm ki, zərurət yaranarsa, bu məsələ müzakirə oluna bilər və şübhəsiz ki, Azərbaycanın üzv olduğu İslam Əməkdaşlığı Təşkilatı ölkələrində, Türk Dövlətləri Təşkilatında da gündəmə gələ bilər. Amma Azərbaycan yenə də indiki mərhələdə soyuqqanlı və ləyaqətlə davranmağı bacardığına görə proseslərin sonunu gözləyir. Görək hələ Fransa Senatının irqçiliyinin sərhədləri hələ nə qədərdir?" - H.Babaoğlu dedi.
Həmidə İbrahimova












