"Artıq Fransa tamamilə erməni, faşist mövqeyindən çıxış edir" - Məlahət İbrahimqızı
Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Ölkə parlamentinin aşağı palatasında “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən sənəd yekdilliklə qəbul olunub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, bu sənəd hədsiz dərəcədə ədalətsiz, beynəlxalq hüquqa zidd olan azərbaycanfob, türkəfob qətnamədir.
Millət vəkili qeyd etdi ki, bundan iki həftə öncə Fransada Senat da ölkəmiz əleyhinə qətnamə qəbul edilib:
"Biz onu parlamentdə də müzakirə etdik. Azərbaycanın ictimai siyasi həyatında, beynəlxalq səviyyədə tanınmış insanlar, eləcə də xarici işlər naziri və təbii ki, Azərbaycan hökuməti də öz etirazını bildirdi. Amma srağagünkü qətnamə artıq Fransa siyasətinin həddini aşması idi. Mən demək istəyirəm ki, həmin qətnaməyə qarşı Azərbaycan xarici işlər naziri, eləcə də parlamentimiz etiraz edib. Azərbaycan Milli Məclisi də öz bəyanatını yayıb. Biz əvvəllərdən ermənipərəst mövqe deyirdik. Amma ermənipərəst mövqe demək çox yumşaqdır. Artıq Fransa tam erməni, vandal, faşist mövqeyindən çıxış edir. Tam ermənilərin düşüncəsi ilə, zehniyyəti ilə Azərbaycana münasibət göstərirlər. Və qərəzliliyin dərəcəsi hansı dərəcəyə çatıb ki, artıq həm Senatda, həm də Milli Assambleya da belə bir qanunsuz, beynəlxalq hüquqa zidd olan sənəd qəbul ediblər. Fransa ötən 30 ilə yaxın müddətdə Minsk qrupunun həmsədri kimi hər zaman işğalçı Ermənistanın yanında oldu. Ona görə də Ermənistanın işğalı 30 il müddətinə qədər çəkdi”.
Deputatın fikrincə, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad olunması bir sıra beynəlxalq təşkilatların, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin riyakar, erməni yandaşı olduqlarını sübut etdiyini göstərib:
“İşğaldan azad olunan bölgələrimiz bərbad vəziyyətdədir, daşı daş üstündə qoymayıblar, dünya mirasına daxil olan mədəni irsimiz məhv olunub. Flora və faunaya qarşı dünyada misli görünməmiş vəhşiliklər törədiblər. 67 məscidin 2-sindən başqa hamısı darmadağın edilib. İkisini də möhtərəm prezidentimizin sözlər ilə ifadə etsək, Ermənistanın quldur hərbiçiləri öz məqsədləri üçün istifadə ediblər. Bu, bir daha onu göstərdi ki, Fransa və ATƏT-in Minsk qrupunun digər həmsədrləri, beynəlxalq təşkilatlar monitorinqə gedməyiblər və yaxud da onları heç maraqlandırmayıb. Əksinə 30 ildə şərait yaradıblar ki, Ermənistan daha da güclənsin, işğalçı dövlət və ordu Azərbaycan torpaqlarında daha da qüvvətlənsin. Möhtərəm prezidentimiz istər 44 günlük Vətən müharibəsi dövründə, istər 44 günlük Vətən müharibəsindən sonra da özünün onlarla media nümayəndələrinə verdiyi müsahibələrində beynəlxalq təşkilatları, xüsusilə Minsk qrupunu, eləcə də Minsk qrupunun həmsədrlərini açıq aşkar qəti sözləri ilə kəskin tənqid edirdi. Sözsüz ki, Fransa da haqlı tənqid hədəfində olanlardan biri idi”.
M.İbrahimqızı onu da qeyd etdi ki, Fransa ictimaiyyəti də erməni lobbisinin təsiri altındadır. Onun sözlərinə görə, bu gün Fransanın riyakar sifəti açılıb:
"Tamamilə erməni mövqeyində olan, necə deyirlər həm özlərinin, həm möhtərəm prezidentimizin ifadəsi ilə deyək bir daha Fransa və Ermənistanın bacı olduqlarını sübut edən yanaşma idi. Yəni Fransanın bu riyakar sifəti açıldığından, ifşa olunduğundan beynəlxalq səviyyədə hər bir ölkənin öz ictimaiyyəti qarşısında, iqtidarın xalq qarşısında hesabatı var. Amma çox təəssüf ki, Fransa ictimaiyyəti də erməni lobbisinin təsiri altındadır. Fransa artıq demək olar ki, xalis etnik fransız xalqının mənafeyini müdafiə edən dövlət deyil. Bu gün Ermənistan hansı siyasəti həyata keçirirsə, Fransa da həmin siyasəti həyata keçirir. Erməni lobbisi orada elə güclüdür ki, fransız siyasətçiləri və eləcə də Fransanın dövlət adamları erməni lobbisinin əlindədir. Onların marağını müdafiə etməkdən başqa yolları yoxdur. Fransanın o qədər dərdi, azarı var ki. Bu günkü dünya Avropanın ən çətin günlərini yaşadığı dünyadır. Amma öz problemlərinin həlli əvəzinə Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyindən əl çəkmir. Azərbaycan xalqı öz problemini həll edib, işğala son qoyub, Qarabağ işğaldan azad olunub, Ermənistanın təcavüzkar ordusu darmadağın edilib. Ermənistanın baş naziri özü kapitulyasiya aktına qol çəkib. Biz də bir misal var, "İt motaldan əl çəkib, motal itdən əl çəkmir", həmin məsələdir. Tutaq ki, Ermənistan oturub yerində, amma bunlar Ermənistanı qızışdırırlar. Ermənistan sülh müqaviləsi ilə bağlı danışıqlara başlayıb, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı sənədə imza atıbdır. Amma burada fransızlar gündə bir qərəzli və beynəlxalq hüquqa zidd olan bəyanatlar və yaxud qətnamələr qəbul edir. Azərbaycan xalqı bunu heç vaxt qəbul etməz. Fransanın özünün siyasi mahiyyəti, dövlətçiliyi başdan-ayağa soyqırımdır, qətlimadır, cinayət və imperialist siyasətdir”.
Deputat, həmçinin Fransanın Afrikada törətdiyi cinayətlərə də münasibət bildirdi:
“Afrikada, Ruandada Fransanın nə qədər soyqırıma imza atdığı xətt var. Afrikada elə təkcə Əlcəzairi, Ruandanı göstərmək kifayətdir. Tarixdə Sena qətliamı var. Əlcəzair xalqı öz müstəqilliyi uğrunda mübarizə aparan zaman o ərəfədə Fransada bir qrup əlcəzairlilər, ərəblər mitinq ediblər. Fransa hökuməti o qədər sərt qərar çıxarıb ki, mitinq iştirakçılarını Sena çayına töküblər. Minlərlə dinc sakin Sena çayında boğularaq ölüb. Bu gün o, tarixə Sena qətliamı kimi daxil olub. Bu günə qədər Fransada Sena qətliamının il dönümünü keçirməyə hər il insanlar müraciət etsə də, icazə vermirlər. Hesab edirəm ki, senatın bu qətnamə ilə bağlı keçirdiyi müzakirələr, eləcə də Milli Assambleyanın srağagün keçirdiyi müzakirədə biz şahid oluruq ki, Fransa-Azərbaycan dostluq qrupunda Valeriyadan başqa heç kim öz mövqeyini bildirməyib. Nə mətbuatda, nə də iclasda. Həm senatda, həm də Milli Assambleyada bir adam Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən mövqe bildirməyib. Dostluq qrupu necə olur? O ölkəni sevdiyindən, simpatiyasından, o ölkəyə rəğbəti olduğundan. Əgər sən dostluq qrupunun üzvüsənsə, mövqe göstərmirsənsə, hesab edirəm ki, Fransadan həm Senatda, həm də Milli Assambleyada olan dostluq qrupu mənasız bir şeydir. Biz ona dostluq qrupu deyə bilmərik”.
Məlahət İbrahimqızı sonda onu da qeyd etdi ki, bu qətnamə Avropa Birliyinin siyasətinə ziddir. Fransanın Avropa Birliyinə daxil olan ölkələr içərisində ən aparıcı və qurucu ölkələrindən biri olduğunu qeyd edən deputat hesab edir ki, belə qətnamələrin qəbul olunması Avropa Birliyinin siyasətinin əleyhinə ziddir.
"Çünki bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen və prezident İlham Əliyevlə Avropa məkanının enerji təhlükəsizliyi ilə bağlı strateji sənəd qəbul edildi. O strateji əməkdaşlıq sənədində bir çox önəmli olduğunu əks etdirən maddə təsdiq olunub. Ursula von der Leyen ilə Azərbaycan arasında belə bir sənəd imzalanırsa, Fransa da həmin o ölkəyə qarşı beynəlxalq hüquqa zidd olan sənəd qəbul edirsə, deməli öz dəyərlərinə də zidd olan siyasət yürüdürlər. Bu bölgədə sülhün, əmin-amanlığın bundan sonrakı inkişafına dəstək verməkdənsə, əksinə yeni konflikt ocaqların alovlanmasına illhamlandırırlar. Bu, qəbul olunmazdır. Bir ölkə açıq surətdə təcavüzkarı dəstəkləyirsə, deməli özü də işğalçı siyasət yürüdür. Mən bu sənədi pisləyirəm. Hesab edirəm ki, o dostluq qrupuna da etinasızlıq etmək lazımdır”, - deyə millət vəkili bildirdi.
Həmidə İbrahimova












