Politoloqdan Fransanın qətnaməsinə REAKSİYA: "Hasarın o tərəfində it hürür, fikir verməyin"
Xəbər verdiyimiz kimi, 15 noyabr tarixində Fransa Senatı, 30 noyabr tarixində isə Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamələr qəbul edib.
Qeyd edək ki, Fransa Senatının ölkəmiz əleyhinə qərarından sonra Azərbaycan Parlamenti də bununla bağlı bəyanat qəbul etmişdi. Belə ki, Milli Məclis həmin bəyanatla Fransa Senatının qətnaməsi, bir sıra digər məsələləri, xüsusilə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə bir sıra tədbirlər görülməsi ilə bağlı çağırış edib.
Maraqlıdır, bu gün həqiqətən də, Milli Məclisin bəyanatında yer alan tədbirlər planının həyata keçirilməsinə ehtiyac varmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Fransa ilə bağlı hər hansı bir tədbir görülməsinə ehtiyac yoxdur:
“Təsəvvür edin ki, siz yol ilə gedirsiniz, küçə boyu da hasarlar var. Hasarın o tərəfində it hürür, siz o itin hürməsinə reaksiya verəcəksiniz, yoxsa oradan ötüb gedəcəksiniz? Yəni Fransanın qərarı, qətnaməsi Cənubi Qafqazda - Azərbaycan və Ermənistan arasında gedən siyasi mübarizədə hər hansı bir rol oynayırmı? Əsla yox. Buna görə də, fikir verməmək lazımdır. Bu, Fransanın daxili-siyasi həyatında hansısa bir amil ola bilər. Amma Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə hökumətimizin tutduğu mövqe sadə və anlaşılandır. Fransa vasitəçi deyil. Fransa ilə bir dövlət kimi Azərbaycanın münasibətləri yaxşıdır. İqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığımız var. Böyük Fransa xalqına hörmət edirik. Amma bizim işlərimizə qarışmasınlar. Bu Fransalıq məsələ deyil. Azərbaycan bilər, Ermənistan bilər".
Politoloq vurğuladı ki, Cənubi Qafqazda təsir gücü olan iki qüvvə var.
"Biri Amerikadır, digəri də Rusiya. Biz də onlarla münasibətlərimizi özümüz tənzimləyirik. Avropa Birliyi də gəlib burada hansısa müsbət bir iş görmək istəyirsə, xoş gəlir, səfa gətirir. Onlarla da əməkdaşlığa hazırıq, amma Fransaya aid heç nə yoxdur burada. Hansısa bir qətnamə, bəyanat vermək, boykot etmək, Fransa şirkətləri ilə əlaqələri kəsmək mənasız işlərdir”, - deyə Z.Əlizadə bildirdi.
Nərmin VÜQARQIZI












