Qüdrət Həsənquliyev Naxçıvandakı hadisələrdən danışdı: "Onlar daha da ifşa olunacaqlar"
"Naxçıvandakı həbslər dalğasının hara qədər davam edəcəyini deyə bilmərəm. Bu, Prezidentin və istintaq orqanının iradəsindən asılı olan bir məsələdir. Amma mən onu bilirəm ki, ekspertlər milyardlarla vəsaitin mənimsənildiyi barədə danışırlar".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev "musavat.com"a müsahibəsində deyib.
"Naxçıvana bələd insanlar orda “çirkli pullar”ın yuyulması, qaçaqmalçılıq, vergi və rüsumları ödəməkdən yayınma və sair və ilaxır. Bütün bunlar hamısı birlikdə milyardlarla vəsaitdən gedir və orada ağır cinayətlər baş verib. Həmin vəsaitlər dövlət büdcəsinə qaytarılmalıdır. Bu gün Qarabağı bərpa edirik. Azərbaycanın o pullara ehtiyacı var. Çalışmaq lazımdır ki, o pullar Azərbaycana qaytarılsın və ədalət mühakiməsi sona qədər həyata keçirilsin" - deyən deputat əlavə edib ki, həmçinin Naxçıvanda insanlara iqtisadi azadlıqlar verilməlidir:
"Yəni həbslərin davamı olaraq, bir şəxsin başqa bir şəxsi əvəz etməsi yox, doğrudan da ora azadlıqlar lazımdır. Bir dəfə rəhmətlik Heydər Əliyev demişdi ki, açın prokurorluğun qapı-pəncərələrini, ora hava girsin! İndi Naxçıvanın qapı-pəncərələri açılmalıdır. Ora izolyasiya olunub. Naxçıvanda azad iqtisadi zona yaradılması məsələsi gündəmdəydi və mən də bunu parlamentdə səsləndirmişdim. Sonra ordan mənə Vasif Talıbovun ciddi narazılığını çatdırdılar ki, sən niyə bu məsələni qaldırmısan. Naxçıvan İran və Türkiyə ilə həmsərhəddir. Müstəqilliyimizin ilk illərində mən İğdıra getmişdim, o zaman bu bölgə iqtisadi cəhətdən çox geridə qalmışdı. İndi İğdır müasir bir şəhər olub. Yaxud İran Culfası dağılıb gedirdi. Amma indi bu tərəfdən baxırsan, Arazın o biri tayında az qala yeni bir şəhər salınıb, hündürmərtəbəli binalar və sair. Naxçıvanda cəmi 4-5 hündürmərtəbəli bina tikiblər. Bir regionun inkişafını onunla müəyyənləşdirmirlər ki, oraya qaz çəkilib, yaxud onun elektrik enerjisi var. Bu işlərin hamısı Azərbaycanın ayırdığı dotasiya hesabına görülüb. Orada yerli hökumətin heç bir xidməti yoxdur. Bu gün Naxçıvanda hər ucqar kənddə evi qızdırmaq üçün qazdan istifadə edə bilmirlər. Çünki onun pulunu verə bilmirlər, odun yandırırlar. Təsəvvür edin, kənddə qaz ola, amma sən gedib o soyuqda – Naxçıvanda bəzən 16 dərəcə, daha çox şaxta olur – gedib çöldən odun daşıyasan, yandırıb evi qızdırasan. Qısası, Naxçıvanın durumu belədir".
Qüdrət Həsənquliyev hesab edir ki, bu addımların davamı olaraq Naxçıvanda insanların vəziyyəti dəyişməlidir. O, vurğulayıb ki, Naxçıvanda biznes mühiti yaradılmalıdır:
"Sizə bir misal deyim. Bir dəfə mənim qardaşımın qaynı Culfada kiçik müəssisə açmaq istəyirdi. Gedib vergi şöbəsinə, deyiblər ki, yox, biz icazə verə bilmərik, get Naxçıvan Vergilər Nazirliyinə. Gəlib Naxçıvan Vergilər Nazirliyinə. Soruşublar ora nə ilə məşğul olacaqsan? Deyib bizneslə, Naxçıvana müxtəlif mallar gətirəcəyəm, qazancım yaxşı olacaqsa, istehsalını təşkil edəcəyəm. Bildiriblər ki, yox, olmaz. Sonra Culfadan bunlara deyiblər ki, bu, millət vəkili Qüdrət Həsənquliyevin qardaşının qaynıdır. Belə olduqda Naxçıvanda deyiblər ki, qoy onda Qüdrət müəllim zəng eləsin, Vasif müəllimə desin. Burda necə inkişaf ola bilər, biz özünüz fikirləşin?! Qardaşım da mənə zəng elədi, mən də dedim ki, ona de, tez otursun təyyarəyə, uçsun gəlsin bura. Yəni hətta onun qeydiyyatı üçün Vasif Talıbovun icazəsi lazımdırsa, bu, orda hansı biznes qurub uğur qazana bilər? Reallıq belədir".
Bu reallığın qarşıdakı dönəmdə dəyişib-dəyişməyəcəyinə gəlincə, partiya sədri düşünür ki, bu həbslərin sonu olaraq əgər vəziyyət dəyişməyəcəksə, camaatın inamı daha da qırılacaq:
"Hakimiyyətin Şuşanı fəth elədiyi kimi, indi şans yaranıb ki, naxçıvanlıların da qəlbini fəth eləsin. Ona görə də burda müəyyən addımlar atmaq lazımdır".
Qüdrət Həsənquliyev düşünür ki, ölkə rəhbərliyi Naxçıvanda baş verənlərdən kifayət qədər məlumatlıdır.
"Sadəcə olaraq Prezident kifayət qədər səbirlidir. Görünür orda müəyyən addımların atılması üçün daha əlverişli bir zamanın yetişməsini səbirlə gözləyirmiş. Həm də psixoloji məsələlər də var. Vaxtilə Vasif Talıbov Heydər Əliyevin yanında olub. Amma mən vaxtilə də demişəm, zamanında Heydər Əliyevin yanında olmuş bir çox insanlar fəxrlə vurğulayırlar ki, biz Heydər Əliyevi hakimiyyətə gətirdik. Mənsə onlara deyirəm ki, Heydər Əliyev sizi hakimiyyətə gətirib. Heydər Əliyev Bakıya dəvət olunanda sizə görə dəvət olunmayıb ki, yanında sizlər varsınız. Heydər Əliyev özü bir şəxsiyyət kimi, təcrübəli bir dövlət adamı kimi dəvət olunub, siz də onun ətəyindən yapışıb gəlmisiniz, bəzən hətta layiq olmadığınız halda, müxtəlif dövlət vəzifələrinə təyin olunmusunuz və etdiklərinizin əvəzini milyon dəfələrlə artıq görmüsünüz. Ona görə də onların heç birinin İlham Əliyevə minnət qoymağa imkanları yoxdur. Nə də onlar mənəvi baxımdan Prezidentə hücum etmək iqtidarında deyil. Belə edəcəkləri təqdirdə, onlar daha da ifşa olunacaqlar. Mənim bildiyimə görə, hətta vaxtilə bu söhbətlər Heydər Əliyevin özünə də çatıb və qapalı iclasların birində rəhmətlik deyib ki, mənim qulağıma belə söhbətlər çatır ki, guya siz məni hakimiyyətə gətirmisiniz. Açıq söyləyib ki, axı, siz məni hakimiyyətə gətirməmisiniz, mən sizi hakimiyyətə gətirmişəm. Siz mənim başıma yığışıb, mənimlə birlikdə hakimiyyətə gəlmisiniz. Əlbəttə, mən o adamların xidmətlərinin üstündən xətt də çəkmirəm, qətiyyən belə bir fikrim yoxdur. Vaxtilə Heydər Əliyevlə birgə Gəncəyə getdilər, həyatlarını riskə qoydular, görün neçə qiyam riski oldu və sair. Yəni o adamların xidmətləri də danılmazdır. Amma gərək insanlar öz xidmətlərini olduğundan artıq şişirtməsinlər", - deyə deputat vurğulayıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasında biri nazir olmaqla bir neçə vəzifəli şəxsi həbs edib.












